Vaxtında ödənilməyən vergilərin hüquqi nəticələri

21.04.2026C&S Group 14

 

Vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsi dövlət büdcəsinin formalaşmasının əsas mənbələrindən biridir. Vergi ödəyiciləri hesablanmış vergini qanunvericilikdə müəyyən edilmiş müddət dövlət büdcəsinə ödəməlidirlər. Vergilərin gecikdirilməsi və ya ümumiyyətlə ödənilməməsi vergi borcunun yaranmasına səbəb olur və bu halda vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş müxtəlif tədbirlər tətbiq edilir. Bu tədbirlər vergi intizamını təmin etmək və dövlət büdcəsinə daxilolmaları qorumaq məqsədi daşıyır.

Vergi borcu vergi ödəyicisinin qanunvericiliklə müəyyən edilmiş müddətdə ödəməli olduğu vergi məbləğini ödəmədiyi zaman yaranır. Vergi Məcəlləsinə əsasən, vergi borcu yalnız əsas vergi məbləğindən ibarət olmur, buraya aşağıdakılar da daxil ola bilər:

- gecikdirilmiş vergi üzrə hesablanan penya: Vergi Məcəlləsinin 59-cu maddəsinə əsasən, vergi öhdəliyi müəyyən olunmuş müddətdə yerinə yetirilmədikdə vergi borcunun məbləğinə gecikdirilmiş hər gün üçün 0,1 faiz məbləğində penya hesablanır. Penya vergi borcu yarandığı gündən başlayaraq, həmin borc tam ödənilənədək davam edir. Bu mexanizm vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsini stimullaşdırmaq məqsədi daşıyır;

- verginin azaldılması və ya gizlədilməsi üzrə maliyyə sanksiyaları: vergi öhdəliklərinin düzgün hesablanmaması və ya gəlirlərin gizlədilməsi halları aşkar edildikdə, Vergi Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq, maliyyə sanksiyaları tətbiq edilir. Əgər vergi yoxlaması zamanı vergi məbləğinin azaldıldığı müəyyən edilərsə, hesablanmamış vergi məbləğinin 50 %-i miqdarında maliyyə sanksiyası tətbiq edilə bilər;

- əlavə hesablanmış vergi məbləğləri: vergi ödəyicisi vergi borcunu könüllü şəkildə ödəmədikdə vergi orqanları Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən, bank hesablarına sərəncam qoymaq hüququna malikdirlər. Bu halda bank hesablarına daxil olan vəsaitlərdən vergi borcu məcburi qaydada tutulur.

Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Vergi borcu uzun müddət ödənilmədikdə, vergi orqanları Məcəllənin 89-cu maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakını siyahıya ala və həmin əmlak hesabına borcun ödənilməsini təmin edə bilər. Bu tədbirlər aşağıdakı mərhələləri əhatə edə bilər:

- əmlakın siyahıya alınması;

- əmlak üzərinə həbs qoyulması;

- məhkəmə qərarı əsasında əmlakın satılması.

 

Vergi öhdəliklərinin yerinə yetirilməməsi və ya vergi borclarının yaranması vergi ödəyicisinin fəaliyyətində risk göstəricisi hesab edilə bilər. Bu halda vergi orqanları Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən səyyar vergi yoxlaması təyin edə bilər. Səyyar vergi yoxlaması zamanı  maliyyə hesabatları, müqavilələr, bank çıxarışları, ilkin uçot sənədləri, vergi bəyannamələri və s. araşdırılır. Yoxlama nəticəsində əlavə vergi öhdəlikləri və maliyyə sanksiyaları müəyyən edilə bilər.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın