1 yanvar 2027-ci il tarixindən etibarən 10 il müddətinə gəlir və mənfəət vergisindən azaddır:
-ikro və kiçik sahibkarlıq subyekti olan “Startap” şəhadətnaməsi almış və digər fəaliyyətlə məşğul olmayan hüquqi şəxsə aid iştirak payı və ya səhmin təqdim edilməsindən əladə edilən gəlirin 100 %-i;
-“Startap” şəhadətnaməsi almış şəxslərə kraudfandinq platforması vasitəsilə investisiya edən fiziki və hüquqi şəxslərin həmin investisiya nəticəsində əldə etdikləri qiymətli kağızların təqdim edilməsindən əldə olunan gəlirləri;
-2-ci bənddə göstərilən iştirak payları (səhmlər) üzrə fiziki və hüquqi şəxslərə ödənilən dividendlər;
-fiziki şəxslərə münasibətdə vençur kapitalı fondları tərəfindən “Startap” şəhadətnaməsi və ya sənaye, parkının qeydiyyat şəhadətnaməsini almış mikro və kiçik sahibkarlıq subyektlərinə investisiyadan əldə edilən mənfəət üzrə həmin fondların iştirakçılarına (səhmdarlarına, payçılarına) ödənilən dividendlər, hüquqi şəxlərə münasibətdə isə bu qaydada əldə edilən mənfəət və mənfəətdən ödənilən dividendlər.
Məcəllənin 13.2.23-cü maddəsinin məqsədləri üçün royalti hesab edilmədən, “Startap” şəhadətnaməsi almış vergi ödəyiciləri tərəfindən bilavasitə öz fəaliyyətlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslərdən alınan bulud hesablama, infrastruktur, platforma və proqram təminatı xidmətləri üzrə, habelə tətbiqi proqramlaşdırma interfeysi xidmətləri üzrə qeyri-rezident şəxslərə edilən ödənişlər isə (alınan xidmətlər vergi ödəyicisi tərəfindən digər şəxslərə təkrar təqdim edildiyi hallar istisna olmaqla) 2027-ci il 1 yanvar tarixindən 20 il müddətinə gəlir və mənfəət vergisindən azad edilir.
Həmçinin mikro və ya kiçik sahibkarlıq subyekti olan və fərdi sahibkar kimi fəaliyyət göstərən startapların “Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirin gəlir və mənfəət vergisindən azadolma müddəti 3 ildən 7 ilə qaldırılmışdır.
Gəlirdən çıxılan xərclər haqqında:
İnvestisiya məbləğlərinin gəlirdən çıxılması;
“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş akkreditə olunmuş investor tərəfindən “Startap” şəhadətnaməsi və ya sənaye parkının qeydiyyat şəhadətnaməsini almış rezident hüquqi şəxslərin emissiya edilmiş səhmlərinin əldə edilməsi və ya əlavə maya qoyuluşu ilə iştirak paylarının əldə edilməsi üzrə investisiya məbləğləri 2027-ci il yanvarın 1-dən 10 il müddətinə aşağıdakı şərtlər daxilində fərdi sahibkarın və müəssisənin vergi tutulan ümumi gəlirindən çıxılır:
-vergi ödəyicisinin gəlirindən çıxılan məbləği onun müvafiq hesabat ili üzrə vergi tutulan ümumi gəlirinin (xərclər çıxıldıqdan sonra) və ya mənfəətinin 50 faizindən çox olmamalıdır;
-investisiya qoyuluşunu həyata keçirən vergi ödəyicisi investisiya cəlb edən hüquqi şəxsin təsisçiləri (payçıları) və ya icra orqanının rəhbərləri ilə bu Məcəllənin 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxs olmamalıdır;
-investisiya qoyuluşunu həyata keçirən vergi ödəyicisi bu investisiya nəticəsində hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayısı ilə 50 faiz və ondan daha çox iştirak payına (səhmə) və ya səsvermə hüququna malik olmamalıdır (bu məhdudiyyət vençur kapitalı fondlarına qoyulan vəsaitə aid edilmir);
-əldə edilmiş iştirak payı (səhm) investisiyanın qoyulduğu tarixdən etibarən azı 3 il müddətində fasiləsiz olaraq vergi ödəyicisinin mülkiyyətində saxlanılmalıdır;
-investisiya qoyulan müəssisə hesabat ili bitdikdən sonra 1 ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alqı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, ödəniş xidməti təchizatçılarının çıxarışları və s.) investisiyanı yatıran şəxsə təqdim etməlidir. Bu maddə üzrə vergi ödəyicisinin vergi tutulan gəlirdən çıxılan məbləği investisiyanı əldə edən şəxsin həmin investisiya məbləğini xərclədiyi hissədə həyata keçirilir;
-sənaye parklarında innovasiya və texnoloji yeniliklər üzrə qoyulacaq investisiyalarla bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq təsdiqedici sənəd təqdim edilir.
Elmi tədqiqat, layihə-axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclərin gəlirdən çıxılması qaydası;
Yeni qaydalara əsasən, vergi ödəyiciləri tərəfindən innovasiya məhsulunun hazırlanması çərçivəsində bilavasitə aparılan, habelə “Startap” şəhadətnaməsi almış şəxslərə, sənaye parkının rezidentlərinə və ali təhsil və elmi-tədqiqat müəssisələrinə sifariş edilən elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə nağdsız qaydada çəkilən əməliyyat xərcləri (əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması istisna olmaqla) 2027-ci il yanvarın 1-dən 10 il müddətinə 2,5 əmsal tətbiq edilməklə həmin hesabat ili üzrə vergi ödəyicisinin vergi tutulan gəlirindən çıxılır.
Sifarişçi ilə elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərini icra edən şəxsin Məcəllənin 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə asılı olan şəxslər hesab olunduğu hallarda, həmin şəxslər arasında həyata keçirilən əməliyyatlara yuxarıda nəzərdə tutulan 2,5 əmsal tətbiq edilmir.
Nəzərdə tutulan xərclərin dairəsi və istiqamətləri, həmçinin texnoloji və sənaye uğursuzluqlarının nəticəsinin təsdiqi proseduru və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
Amortizasiya;
Elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərində istifadə edilən və ayrıca uçotu aparılan maşınlar, avadanlıqlar və hesablama texnikası üzrə amortizasiya ayırmaları 2027-ci il yanvarın 1-dən 10 il müddətinə maşınlar və avadanlıqlar və yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə müəyyən olunmuş amortizasiya normalarına 2 əmsal tətbiq edilməklə gəlirdən çıxıla bilər.
ƏDV-dən azadolmalar haqqında;
Məcəlləyə əlavə edilmiş 164.1.65-ci maddənin tələbinə əsasən, 13.2.23-cü maddəsinin məqsədləri üçün royalti hesab edilmədən, “Startap” şəhadətnaməsi almış vergi ödəyiciləri tərəfindən bilavasitə öz fəaliyyətlərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslərdən alınan bulud hesablama, infrastruktur, platforma və proqram təminatı xidmətləri üzrə, habelə tətbiqi proqramlaşdırma interfeysi xidmətləri 2027-ci il yanvarın 1-dən 20 il müddətinə ƏDV-dən azad edilir.
Alınan xidmətlər vergi ödəyicisi tərəfindən digər şəxslərə təkrar təqdim edildiyi halda qeyd edilən azadolma tətbiq edilmir.
ƏDV üçün xidmətlərin göstərildiyi yer;
168-ci maddəyə edilmiş dəyişikliklə bundan sonra kompüter, internet və digər elektron şəbəkələr, elektron poçt və digər oxşar vasitələrlə xidmətlərin göstərilməsi, yaxud bu cür şəbəkələrdən və ya xidmətlərdən istifadə hüququnun verilməsi, o cümlədən bu şəbəkələrin, sistemlərin və proqram təminatının elektron şəbəkələr vasitəsilə məsafədən idarə edilməsi, onlara məsafədən texniki dəstək, rəqəmsal müşayiət və fasiləsizliyinin proqram səviyyəsində təmin edilməsi xidmətlərinə (aparat-texniki vasitələrə, avadanlıqlara və şəbəkələrə bilavasitə yerində fiziki müdaxilə tələb edən quraşdırma, istismar, texniki xidmət və təmir işləri istisna olmaqla) münasibətdə xidmətlərin gösətirldiyi yer bu xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer sayılacaq.