Müvəqqəti idxal rejimində ƏDV əvəzləşdirilməsi

24.05.2021C&S Group 1354

 

Müvəqqəti idxal rejimində ödənilən ƏDV məbləği əvəzləşdirilirmi?

“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanının 1.1.22-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli qərarı ilə “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” təsdiq edilib.

Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların gömrük rüsumlarından və vergilərdən tamamilə yaxud qismən azad olunmaqla, habelə, ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur.

Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən, malların idxalı, vergidən azad edilən idxal istisna edilməklə vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, Azərbaycan Respublikası ərazisinə müvəqqəti idxal şəklində buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir.

Vergi Məcəlləsinin 170-ci maddəsində göstərilir ki, gömrük qanunvericiliyinə uyğun olaraq mallara gömrük rüsumları tutulduğu vaxt malların idxal edilməsi vaxtı sayılır. Əgər idxal olunan mallar gömrük rüsumlarından azad edilirsə, malların idxal edilməsi vaxtı onların gömrük xidmətinin nəzarətindən çıxdığı vaxt sayılır.

Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən, büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV məbləği bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq aparılır.

Yuxarıda qeyd olunanlarla əlaqədar müvəqqəti idxal qaydasında Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir və ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.

Bu "Qaydalar"ın 7.10-cu bəndinə əsasən, gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan aylıq ödənişlərin ümumi məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğinə bərabər olduqda, həmin mallar Gömrük Məcəlləsinin 164.2.2-ci maddəsinin tələblərinə riayət edilməsi şərtilə sərbəst dövriyyə üçün buraxılmış mallar hesab olunur və bununla bağlı ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 176.5-ci maddəsinə əsasən əvəzləşdirilə bilər.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın