Mühasibat uçotunun düzgün təşkili

05.06.2026C&S Group 13

 

Mühasibat uçotunun düzgün və mütəmadi təşkili şirkətlərin diqqət yetirməli olduğu məqamlardandır. Hər bir hüquqi şəxsin mühasibat uçotu qanunvericilikdəki tələblərə uyğun şəkildə qurulmalıdır. Bu tələb həm kommersiya qurumlarına, həm də qeyri-kommersiya qurumlarına aiddir.

Qanunvericiliyə əsasən, mühasibat uçotu xidmətlərini hər bir şirkət daxili resursları hesabına təşkil edə və ya kənar şirkətləri bu işə cəlb edə bilər. Belə bir imkan sayəsində Azərbaycanda, xüsusilə, Bakıda mühasibatlıq şirkətləri bir çox sahədə fəaliyyət göstərirlər. 

Azərbaycanda baş verən vergi islahatları və gəlirlərin şəfafflaşdırılması tələbləri mühasibat uçotunun qurulmasını zəruri edir. Bir çox hallarda şirkətlər peşəkar vergi və mühasibatlıq xidməti dəstəyi olmadan bunu etdikləri halda vergi riskləri daşımaqla bərabər, artıq vergi ödəmələrinə də yol verirlər. Mühasibat işinin təşkili, xüsusilə şəffaflaşdırılması xüsusi plan əsasında vergi, mühasibatlıq və hüquq mütəxəssislərinin birgə fəaliyyəti ilə həyata keçirilməlidir. Məsələn, vergi uçotunda olmayan və uzun müddət istifadədə olan əsas vəsaitlər və ya avadanlıqlar az xərclə balansa alınmalı və uçotda əks etdirilməlidir. Şirkətin sənədləşdirilməmiş xərcləri sənədləşdirildikdə əlavə hüquqi risklər və artıq vergi ödəmələri yaranmaması üçün peşəkar mütəxəssis komandası ciddi analiz və planlama həyata keçirməlidir.
 

Azərbaycanın mühasibat uçotu sistemi MHBS (IFRS) standartlarının tətbiqinə imkan verir. Mühasibat uçotu standartları ilə vergi standartları arasında uyğunsuzluq olduğu hallarda, vergi öhdəliklərinin hesablanması məqsədilə vergi standartlarına üstünlük verilir.

Mühasibat uçotu haqqında qanuna əsasən, Azərbaycan Respublikasında mühasibat uçotu sahəsində dövlət tənzimləməsinin əsas məqsədi Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları və uçot qaydaları əsasında ölkədə maliyyə hesabatlarının tərtib olunmasını və mühasibat uçotunun aparılmasını təmin etməkdən ibarətdir. Beynəlxalq standartlarla ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul edilmiş beynəlxalq standartlar arasında ziddiyyət yarandığı halda, ixtisaslaşmış beynəlxalq təşkilat tərəfindən qəbul edilmiş standartlar əsas götürülür.

Mühasibatlıq xidmətlərinin aşağıdakı üstünlükləri vardır:

-mühasibatlıq uçotu doğru aparıldığına görə, Vergi Məcəlləsində müəyyən edilmiş və vergi orqanına əlavə hüquqlar verilməsinə səbəb olan hallar aradan qalxır. Məsələn, mühasibatlıq uçotu aparılmadıqda və ya qanunvericiliyə uyğun aparılmadıqda, vergi orqanı əlaqəli məlumatlar (üçüncü şəxslər, digər şirkətlər və s) əsasında vergiləri yenidən  hesablaya bilər. Bu isə şirkət üçün riskdir;

-mühasibat xidmətləri şirkəti İnzibati Xətalar Məcəlləsində uçotun aparılmaması və ya doğru aparılmamasına görə müəyyən edilmiş cərimələrdən qoruyur;

-mühasibat xidməti alan mikro sahibkarlıq subyektləri dividend vergisindən azad olunurlar;

-şirkətdə yaranan şəffaflıq, işçilər tərəfindən mənimsəmə və sui-istifadə hallarının qarşısını alır, şirkət sahibləri gəlir və xərclərinə tam nəzarət imkanı əldə edirlər;

-mühasibatlıq uçotu olmadıqda rəsmiləşdirilməmiş xərclərin qəbul edilməsi mümkün olmur və əslində faktiki xərclər olsa belə, mənfəət bu xərclərin hesabına azaldılmır və artıq vergi ödənilmiş olur;

-şirkət rəhbəri və vergi ödəyiciləri vergidən yayınma ittihamları, gəlirin mənbəyi kimi qanuni problemlərdən azad olur.

Qeyd edildiyi kimi, mühasibatlıq xidməti daxili resurslar hesabına və ya kənar şirkət vasitəsilə göstərilə bilər. Belə olan təqdirdə, mühasibatlıq xidmətinin təşkili üçün cəlb ediləcək şirkətin seçilmə meyarı ən zəruri məqamlardan olur. Mühasibatlıq xidmətlərinin hansı formada seçimi şirkətin daxili resurslarının mövcudluğu və peşəkarlığından asılı olacaqdır. Kənar mühasibatlıq xidməti və ya mühasibatlıq şirkətinin cəlb edilməsi, peşəkar xidmət almaq imkanı ilə yanaşı belə şirkət üçün məsuliyyət də müəyyən edir. Yəni, mühasibatlıq və ya vergi pozuntuları olduqda işçini maddi məsuliyyətə cəlb etmək çox çətin olur amma mühasibatlıq xidmətləri göstərən şirkət müqavilə şərtlərinə əsasən məsuliyyət daşıyır.

Mühasibatlıq şirkətlərinin seçilməsi zamanı aşağıdakılara diqqət yetirilməlidir:

-mühasibatlıq xidməti təklif edən şirkətin/şəxsin peşəkarlığı və təcrübəsi;

-bir çox hallarda mühasibatlıq xidmətlərinin peşəkar şəkildə göstərilməsi üçün vergilər üzrə hüquqşünas dəstəyinə ehtiyac olur (Vergi Məcəlləsinin şərhi, sualların aydınlaşdırılması, vergi mübahisələrinin inzibati və ya məhkəmə qaydasında həlli, uçot sənədlərinin, xüsusilə müqavilələrinin qanunvericiliyə və şirkətin vergi maraqlarına uyğunluğu və s.). Bu halda hüquqi dəstək imkanının mövcudluğunu şirkətlər sizə təmin edir;

-vergi mübahisələrinin həllində təcrübəsi və həll etdiyi vergi məsələləri;

-peşəkar nəzəri bilikləri və bu biliklərin təsdiqi (diplom və sertifikatlar);

-mütəxəssislərinin sayı və peşəkarlığı (komanda üzvləri olmadıqda, sayı az olduqda və ya qeyri-peşəkar komanda üzvü olduqda iş həcmi artması və ya qəliz vergi məsələlərində təkbaşına həll qeyri-mümkün ola bilir).

Biz C&S Group olaraq, Azərbaycanın ən yüksək reytinqli vergi məsləhətçiləri və vergi mühasiblərinin dəstəyi sayəsində yuxarıda qeyd olunan meyarlara tam cavab veririk.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın