Maliyyə hədəflərinin təyin edilməsi və izlənməsi şirkətlərin uğur formuludur.
Şirkətin dayanıqlı inkişafı və gələcək planlarının reallaşması üçün maliyyə hədəflərinin düzgün təyin edilməsi və effektiv şəkildə izlənməsi olduqca vacibdir. Maliyyə strategiyasının əsası məhz bu hədəflər üzərində qurulur.
Maliyyə hədəfləri, bir şirkətin gələcək maliyyə vəziyyətini planlaşdırmaq, resurslardan optimal istifadə etmək və istiqamətini düzgün müəyyənləşdirmək üçün qoyduğu konkret məqsədlərdir. Hədəflər qısa, orta və uzunmüddətli ola bilər.
Maliyyə hədəflərinin təyin edilmə mərhələləri nələrdir?
1.Əvvəlcə maliyyə məqsədləri müəyyənləşdirilir, şirkətin cari vəziyyəti, strategiyası və bazardakı mövqeyi təhlil edilir. Ən çox qarşıya qoyulan maliyyə məqsədlərinə aşağıdakılar daxildir:
-gəlirin artırılması;
-mənfəətin yüksəldilməsi;
-əməliyyat xərclərinin azaldılması;
-likvidliyin yaxşılaşdırılması;
-borcların effektiv idarə olunması.
2. Hədəflərin effektiv olması üçün SMART modelindən istifadə edilir. SMART goals məqsədlərin effektiv şəkildə həyata keçməsi üçün istifadə olunan bir metoddur. SMART abreviaturası 5 əsas elementi özündə əks etdirir:
-konkret (specific): aydın və dəqiq olmalıdır. (məsələn: 1 il ərzində gəliri 20% artırmaq);
-ölçüləbilən (measurable): nəticələrin izlənməsi mümkün olmalıdır;
-əldə edilə bilən (achievable): reallığa uyğun məqsəd olmalıdır;
-realistik (realistic): mövcud imkanlara əsaslanmalıdır;
-vaxtla məhdud (time-bound): müəyyən vaxt çərçivəsində həyata keçirilməlidir.
3. Hədəf növlərinin müəyyənləşdirilməsi:
-qısa müddətli (6 ay – 1 il): məsələn, əməliyyat xərclərinin 10% azaldılması;
-orta müddətli (1 – 3 il): yeni bazarlara daxil olmaq;
-uzun müddətli (3 ildən çox): yeni məhsulların inkişafı və bazar payının artırılması.
4. Büdcə tərtibatı və maliyyə proqnozları hədəflərə çatmaq üçün vacib addımlardır. Onlar resursların düzgün bölgüsünə və nəzarətə imkan verir.
Hədəfləri təyin etməklə yanaşə əsas mərhələ, bu hədəflərin davamlı izlənməsi və analiz edilməsidir. Bu proses şirkətə vaxtında qərarlar qəbul etməyə və düzgün istiqamətə yönəlməyə imkan verir.