Kənd təsərrüfatı məhsullarının istehsalçılarının vergiyə cəlbi

12.10.2021C&S Group 44

 

Kənd təsərrüfatı məhsullarının istehsalçıları hansı halda vergiyə cəlb edilir?

Hazırda ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar. Vergi Məcəlləsinin 13.2.60-cı maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı - sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və s.) da daxil olmaqla heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə edilərək yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsini nəzərdə tutur.

Vergi Məcəlləsinin müvafiq müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş vergidən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərin əmlak vergisini ödəməkdən azad edilib. Kənd təsərrüfatı məhsullarının istehsalçılarının istehsal etdikləri və emal məhsulu olmayan malların satışı üzrə əldə etdikləri gəlirləri mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş vergidən azaddır. Lakin istehsalçı istehsal etdiyi kənd təsərrüfatı məhsullarından emal məhsulu formalaşdırırsa, həmin emal məhsullarına görə ümumi qaydada seçdiyi vergitutma metodundan asılı olaraq, müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Məsələn, hektar ərazidə becərilərək yetişdirilən xurmanın (təbiətdə olduğu kimi ilkin formada) satışından əldə edilən gəlir müvafiq olaraq sadələşdirilmiş vergi, gəlir vergisi və ƏDV-dən azaddır. Becərilərək yetişdirilmiş xurmanın (təbiətdə olduğu kimi ilkin formada olmadan) qurudulmuş halda konservləşdirilmiş satışından əldə olunan gəlir Vergilər Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada vergiyə cəlb olunacaq.

Başqa bir misal çəksək; 10 baş mal-qarası olan fermer mal-qaranın diri şəkildə bazarda satışını həyata keçirərsə, bu satışdan əldə olunan gəlir müvafiq olara sadələşdirlmiş vergi, gəlir vergisi və ƏDV-dən azaddır. Lakin mal-qaranın kəsərək ət şəklində satışı həyata keçirilərsə, artıq bu emala məruz qalan məhsul sayılır ki, həmin məhsulun satışından əldə olunan gəlir Vergilər Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada vergiyə cəlb olunacaqdır.

Vergi Məcəlləsinin 102.1.11 maddəsinə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər üzrə vergi güzəştlərindən istifadə etmək hüququna malik olan şəxslərdən aşağıdakı sənədlər tələb olunur:

kənd təsərrüfatı məhsullarının istehsalı həyata keçirilən təsərrüfat subyektləri (obyektlər) ilə bağlı təsdiqedici sənədlər;

• mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə sənədlər;

• kənd təsərrüfatı sahəsində digər istehsal obyektlərinin mövcudluğu barədə sənədlər;

• qeyd edilən torpaq və obyektlərdə istehsal prosesinin həyata keçirilməsini təsdiq edən sənədlər.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın