Vergi Məcəlləsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyiciləridir.
Dövlət Vergi Xidmətindən bildirilib ki, yükdaşıma şirkətləri həm ölkə daxilində, həm də ölkədən xaricə yükdaşıma xidməti göstərirlər. Daxildə yükdaşıma ilə məşğul olan sahibkarlar sadələşdirilmiş vergi ödəyicisi kimi daşıdıqları yükün həcminə görə vergi ödəməlidirlər. Onlar sadələşmiş vergi ödəyiciləri kimi qeydiyyatdan keçərək yük maşınlarının daşıma həcminə görə vergi ödəyirlər.
Verginin məbləği Bakı şəhərində hər ton üçün 2 azn nəzərdə tutulub, regionlara görə isə bu məbləğ fərqli əmsallara vurulur.
Sadələşdirilmiş vergi ödəyicisi kimi yükdaşıma xidməti göstərən şəxslər minimum əməkhaqqının 25 %-i həcmində - 62,50 azn aylıq məcburi dövlət sosial sığorta haqqını da ödəməlidir.
Vergi Məcəlləsinə əsasən, xaricə yükdaşıma xidməti göstərən müəssisələrin sadələşmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Onlar yalnız mənfəət vergisi ödəyicisi ola bilərlər. Bu zaman onlar əldə etdikləri gəlirdən həmən gəlirin əldə olunması üçün çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqin mənfəət vergisini ödəyirlər. Bu xidməti göstərən vergi ödəyiciləri gəlirləri 200.000 azn-dək olduqda mənfəət vergisi, çox olduqda isə əlavə dəyər vergisi (ƏDV) ödəyicisi olurlar.