Uşaqların və yeniyetmələrin iş həyatına cəlb edilməsi bütün dünyada hüquqi baxımdan həssas məsələdir. Azərbaycanda yetkinlik yaşına çatmayan şəxslərin əmək hüquqları əsasən aşağıdakı qanun və normativ aktlarla tənzimlənir:
1. Azərbaycan Respublikası Əmək Məcəlləsi;
2. Azərbaycan Respublikasının Konstitusiyası;
3. Uşaq Hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu;
4. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlər.
Maddə 249.
-yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir;
-15 yaşlı şəxslərlə yalnız valideynlərin razılığı ilə əmək müqaviləsi bağlana bilər.
Maddə 46.4.
Əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən bu Məcəllənin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.
Maddə 250 .
Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, əxlaqi kamilliyinə mənfi təsir göstərən gecə klublarında, barlarda, alkoqollu və energetik içkilərin, tütün məmulatlarının, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı olan və həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən digər işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır.
Həmçinin, yaşı 18-dən az olan işçi tərəfindən ağırlığın qaldırılmasında məhdudiyyət - Yaşı 18-dən az olan işçilərin bu maddə ilə müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır.
İş vaxtı məhdudiyyəti:
-15–16 yaşlılar üçün həftəlik iş vaxtı - 24 saat;
-16–18 yaşlılar üçün - 36 saat;
-gün ərzində isə maksimum 4 və ya 6 saat (müvafiq yaşa uyğun).
Əmək Məcəlləsi 91.2.
-qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaş yarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.
-yaşı 18-dən az olan işçiləri gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsi qadağandır.
-axşam saat 20:00-dan səhər saat 07:00-dək olan müddət yaşı 18-dən az olan işçilər üçün gecə vaxtı hesab edilir.
Əmək müqaviləsinə xitamla bağlı məhdudiyyət :
-peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə əsasən yaşı 18-dən az olan işçinin əmək müqaviləsi ləğv edilə bilməz.
-yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilirlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər.
Mövzuya Beynəlxalq hüquq müstəvisində nəzər yetirsək:
Birinci Dünya Müharibəsindən sonra dünyada sosial ədalət, əmək hüquqları və təhlükəsiz iş şəraiti ilə bağlı 1919-cu ildə Versal Sülh Müqaviləsinin bir hissəsi olaraq “Beynəlxalq Əmək Təşkilatı” yaradıldı. Beynəlxalq Əmək Təşkilatının (ILO – International Labour Organization) 138 və 182 saylı konvensiyaları uşaq əməyinin məhdudlaşdırılması və ləğv olunması istiqamətində qəbul olunmuş əsas beynəlxalq sənədlərdir. “Beynəlxalq Əmək Təşkilatı” beynəlxalq təşkilatların mərkəzi kimi tanınan İsveçrənin Cenevrə şəhərində yerləşir.
ILO-nun 138 saylı Konvensiyası - "Ən az yaş haqqında Konvensiya”, 1973-cü ildə qəbul olub və dünya təcrübəsində işə qəbul üzrə minimum yaş həddi 14 yaşdır.
ILO-nun 182 saylı Konvensiyası - "Uşaq əməyinin ən pis formalarının ləğvi haqqında Konvensiya", 1999-cu il qəbul edilib.
Azərbaycan Respublikası 1992-ci ildə 138 saylı, 2000-ci ildə isə 182 saylı ILO konvensiyalarını təsdiqləyib.