Vergi uçotu nədir

13.10.2025C&S Group 15

 

Vergi , fiziki və hüquqi şəxslərin əldə etdiyi gəlirlər, sahib olduğu mülkiyyət və istehlak etdiyi məhsullara görə tutulan və dövlət büdcəsinə ödənən məcburi və əvəzsiz olan ödənişlərdir.

Vergiləri digər xərclərdən fərqləndirən xüsusiyyətlər hansılardır?

-vergi ödənişləri hər hansı mal və ya xidmət əvəzində edilmir;

-müəssisələrin bu cür ödənişi edib etməməyə dair seçimləri yoxdur, yəni belə ödənişlər məcburidir.

Vergi ödənişi qarşılığında müəssisə yalnız ölkədə fəaliyyət göstərmə yaxud mülkiyyətə sahib olma hüququ əldə edə bilər. Ödəyici bu ödənişi etməməklə fəaliyyətindən və mülkiyyət hüququndan məhrum ola bilər.

Vergi tutmaq məqsədləri üçün vergi məcələsinə əsaslanaraq və onun tələblərini gözləyərək aparılan uçot vergi uçotu adlanır. Digər bir tərif isə vergi bazasının və həmin verginin məbləğinin hesablanması ilə bağlı təsərrüfat əməliyyatlarının tam, fasiləsiz və sənədlə rəsmiyyətə salınmış uçotunu aparmaqla konkret vergi üzrə vergi bazasının formalaşması haqda informasiyaların pul ifadəsilə toplanmasının, qeydiyyata alınmasının və ümumiləşdirilməsinin nizama salınmış sistemidir.

Vergi və sosial ödənişlərin uçotunun aparılıb bəyannamələrinin tərtib olunmasında əsas məqsəd dövlətin maraqlarının təmin olunmasıdır. Əlbəttə ki, bunu da dövlətin əsas qanunvericilik aktları olan Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Sosial Sığorta Haqqında Qanunu, Mülki Məcəllə və digər qanunvericilik aktları tənzimləyir.

Vergi uçotunun funksiyaları nələrdir?

-vergi ödəyicilərin öhdəliklərini doğru müəyyən etmək üçün zəruri informasiyaları toplamaq və onları müəyyən edilmiş qaydada qeydə almaq;

-vergi informasiyalarını mühasibat uçotunun hesablarında həmçinin mühasibat və vergi registrlərində zamanında əks etdirmək;

-hər bir vergi ödəyicisinin öhdəliklərinin səviyyəsini düzgün müəyyən etmək;

-vergi hesabatının və vergi informasiyasının doğru formalaşdırılmasına nəzarət aparmaq.

 

Verginin tutulması aşağıdakı 3 formada aparılır:

-gəlirin əldə edilməsinədək verginin tutulması (bilavasitə mənbədən) - gəlirin əldə edilməsinədək verginin tutulması dedikdə, ödəyicinin əlinə həmin gəlirin bütöv məbləğinin çatmasından əvvəl tutulma formasıdır. Bu cür formaya bilavasitə mənbədən tutulma qaydası da demək olar;

-gəlirin əldə edilməsindən sonra verginin tutulması (bəyannamə üzrə) - gəlirin (mənfəətin) əldə edilməsindən sonra verginin tutulması dedikdə isə vergi ödəyicisinin fəaliyyəti üzrə əlinə gəlirin bütöv məbləğinin daxil olmasından sonra tutulması formasıdır. Bu cür formaya bəyannamə üzrə tutulma forması da deyilir;

-vergitutma obyektinin (məsələn, əmlakın) varlığının bildirilməsindən sonra verginin tutulması (bildiriş üzrə) - vergitutma obyektinin (məsələn, əmlakın) varlığının bildirilməsindən sonra verginin tutulması forması vergi orqanı və ya bələdiyyə tərəfindən verilən bildiriş əsasında tutulma formasıdır. Ona görə də bu metoda bildiriş üzrə verginin tutulma forması da deyilir.

Müəssisələr tərəfindən vergi uçotu aparılarkən hazırlanan zəruri sənədlər aşağıdakılardır:

-uçot-hesabat sənədləri, özündə vergi öhdəliyinin məbləğini əks etdirirlər. Belə ki, hər bir vergi növü üçün ayrıca bəyannamə forması müəyyən edilmişdir. Uçot-hesabat sənədləri müəssisənin rəhbəri və baş mühasibi tərəfindən imzalandıqdan sonra vergi ödəyicisinin qeydiyyata alındığı vergi orqanına təqdim edilir;

-müşayiətedici sənədlər, vergilərin hesablanması üçün zəruri olan, vergi hesabatlarındakı məlumatları əsaslandırıb şərh edən və arayış materialı rolunu oynayan sənədlərdir;

-vergi uçotu registrləri, təsərüfat subyektlərində vergi uçotunun aparılması üçün nəzərdə tutulmuş ümumi registr və ilkin uçot formalarıdır. Belə ki, vergi uçotu registrlərində, vergi uçotunda əks olunması zəruri olan və ilkin mühasibat uçotu sənədlərində əks olunan informasiyalar toplanılır və sistemləşdirilir.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın