Sadələşmiş vergi ödəyicisi xaricdən mal idxal edərkən malın maya dəyəri invoys dəyəri ilə hesablanır yoxsa statistik dəyərlə?
Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.
Bununla yanaşı, vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.
Qeyd olunanlara əsasən, idxal mallarına münasibətdə vergi ödəyicisinin vergi öhdəlikləri və həmin malların mənfəət (gəlir) vergisinin məqsədləri üçün gəlirdən çıxılan xərclərdə nəzərə alınması həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.
Bunlardan əlavə, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən vergi tutulan dəyərin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.
Gömrük qanunvericiliyi və mühasibat uçotunun aparılmasına dair məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq olaraq Dövlət Görük Komitəsinə və Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 139-cu və 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi.