Vergi ödəyicisi fəaliyyət növünü dəyişmək üçün nə etməlidir?
Mən vaxtilə taksi xidməti ilə məşğul olmaq üçün VÖEN açdırmışdım, sonradan fəaliyyətimi dondurdum. İndi “Youtube” kanalı üzərindən fəaliyyət göstərmək üçün yeni VÖEN açdırmağıma ehtiyac varmı?
Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən, Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.
Vergi ödəyicisi eyni zamanda bir neçə fəaliyyət növü ilə məşğul ola və ya uçota alınarkən, ərizəsində qeyd etdiyi fəaliyyət növünü digər fəaliyət növü ilə dəyişə bilər. Fəaliyyət növünün dəyişdirilməsi üçün yeni fəaliyyət növünü müvafiq xanada qeyd etməklə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müvafiq ərizə forması (“Fiziki şəxsin uçotu haqqında ərizə”) təqdim olunmalıdır.
Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda isə İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı Dövlət Vergi Xidmətinin saytının “Elektron xidmətlər” bölməsindəki ““Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidmətləri üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.
Nəzərinizə çatdırırıq ki, vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.
Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 07.10.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”.