Vergi ödəyicilərinin Asan İmzanı 2024-cü ilə qədər əldə etməsi məqsədəuyğundur

12.09.2023C&S Group 273

 

Elektron kabinet vergi ödəyiciləri üçün bir sıra üstünlüklər yaradır:

-vergi ödəyicilərinin elektron kabineti rəqəmsal çağırışlara uyğun olaraq daim təkmilləşdirilir;

-vergi ödəyicilərinə bu yeniliyin indidən təqdim edilməsi onlara Asan İmzaya sahib olmaq üçün vaxt qazandırır.

Sahibkarlıq subyektləri vergi inzibatçılığının təkmilləşdirilməsi nəticəsində öz bizneslərini genişləndirmək üçün səmərəli imkanlar əldə edirlər. Bu sahədə aparılan islahatlar sırasında vergi yükünün optimallaşdırılması ilə yanaşı, inzibati prosedurların da sadələşdirilməsi mühüm istiqamətlərdəndir.

Əlverişli vergi şərtləri ilə biznes quran sahibkar vergi öhdəliklərini yerinə yetirmək üçün adekvat imkanların olmasını istəyir. Bu isə elektron xidmətlərin və rəqəmsal prosedurların artırılması ilə səciyyələnir. Sahibkarların vergi ilə bağlı prosedurları daha sadə və çevik formada yerinə yetirə bilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin fəaliyyətində vahid elektron sistem çərçivəsində avtomatlaşdırılma və vergi ödəyiciləri ilə birbaşa əlaqənin təmassız əlaqə ilə əvəz edilməsi reallaşdırılır. Vergi orqanları ilə vergi ödəyiciləri arasında elektron əlaqəyə keçidin təmin olunması üçün vergi ödəyicilərinin elektron kabineti mövcuddur və bu plartforma vergi ödəyicilərinin fəaliyyətində mühüm köməkçi vasitədir.

Elektron kabinet vergi ödəyiciləri üçün bir sıra üstünlüklər yaradır. Bu platforma üzərindən onlar vergi orqanları ilə yazışa, vergi bəyannamələrini hazırlayıb göndərə, vergi sahəsində baş vermiş yeniliklərlə tanış ola bilirlər. Vergi ödəyicisi vergi orqanının verdiyi kod-parol və ya gücləndirilmiş elektron imza ilə kabinetə daxil olaraq ona ünvanlanmış sənədləri oxuyur və vergi orqanına sənəd və məlumatları elektron üsulla göndərmək imkanı əldə edir. Bu, vaxt itkisini aradan qaldırır və ödəyiciyə sənədlərini istənilən məkandan operativ formada təqdim etmək imkanı yaradır. Bundan başqa, vergi ödəyicisi istənilən yerdə elektron kabinetdə uçot məlumatlarına, özünə məxsus sənəd və məlumatlara, habelə, büdcə qarşısındakı öhdəliklərinə baxmaq və s. imkanları qazanır. Elektron kabinet vətəndaşın rahatlığını təmin etməklə yanaşı, həm də sahibkarlar üçün vergi orqanları ilə əlaqələri təmin edən təhlükəsiz vasitədir. Vergi ödəyicilərinin elektron kabineti rəqəmsal çağırışlara uyğun olaraq daim təkmilləşdirilir.

1 yanvar 2024-cü il tarixindən etibarən vergi ödəyicilərinin elektron kabinetdən istifadəsi zamanı yeni qayda tətbiq ediləcək. Belə ki, həmin tarixdən vergi orqanı tərəfindən verilmiş kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanları məhdudlaşdırılacaq, ödəyicilər yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə bu imkandan yararlana biləcəklər. Gücləndirilmiş elektron imzası olan vergi ödəyiciləri mobil telefon, kompüter və digər mobil qurğular vasitəsilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə edə biləcəklər. Vergi ödəyicisi elektron kabinetinə daxil olmaq və sadalanan elektron xidmətlərdən faydalanmaq üçün gücləndirilmiş elektron imzaya (Asan İmza) sahib olmalıdır. Vergi ödəyicilərinə bu yeniliyin indidən təqdim edilməsi onlara Asan İmzaya sahib olmaq üçün vaxt qazandırır. Bu prosesi son ana saxlamaq sıxlıqla üzləşməyə gətirib çıxara bilər, çünki ölkəmizdə 1 milyondan çox vergi ödəyicisi var və onların hər biri elektron kabinetdən istifadə üçün Asan İmzaya malik olmalıdır. Gücləndirilmiş elektron imzanın istifadəsi yüksək təhlükəsizlik vəd etdiyinə görə ilk növbədə vergi ödəyicisinin özü üçün sərfəlidir. Həmçinin, vergi ödəyiciləri gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə bir sıra elektron xidmətlərdən, o cümlədən, əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması, e-qaimə-fakturaların təqdim olunması və s. xidmətlərdən yararlana bilirlər. Buna görə də vergi ödəyicilərinin Asan İmzanı operativ əldə etməsi məqsədəuyğundur.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın