Vergi Məcəlləsinə edilmiş dəyişikliklər 1 yanvar 2022-ci ildən qüvvəyə minsə də, dəyişikliyə əlavə edilən keçid müddəalarına əsasən, bəzi maddələrin tətbiqi tarixi fərqlidir.
Vergi Məcəlləsinə yeni 71-1.5.10-cu “Aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə” e-qaimənin tərtib edilməsi haqqında maddə əlavə edilmişdir. Bu maddənin tətbiqi 2022-ci ilin iyulun 1-dən qüvvəyə minir. Yəni e-qaimələrin tərtib olunması 1 yanvar 2022-ci il tarixdən deyil, 1 iyul 2022-ci il tarixdən məcburidir. Onu da qeyd edək ki, bu qaimələr aksizli malların istehsalçıları və ya idxalçıları tərəfindən tərtib edilməlidir. Həmçinin Məcəlləyə yeni əlavə edilən 71-3-cü maddə “Elektron əmtəə-nəqliyyat qaiməsi və yük avtonəqliyyatı üçün elektron yol vərəqi”nin tətbiqi bu barədə təsdiq ediləcək “elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası” ilə eyni gündə qüvvəyə minir.
Vergi Məcəlləsinə edilən daha bir önəmli dəyişiklik 130-cu maddə ilə bağlıdır. 2022-ci ilin 1 yanvar tarixinədək vergi ödəyicilərinin meyarlarından (iri, orta, kiçik, mikro) asılı olmayaraq, hər kəs gəlir və xərclərin uçotunu kassa və hesablama metodundan istifadə etməklə aparmaq hüququna malik idi. Məcəllənin 130.4-cü maddəsinə edilən dəyişikliklərə əsasən, bundan sonra yalnız mikro sahibkarlıq subyektləri olan şəxslər gəlir və xərclərin uçotunu kassa metodu ilə aparacaqlar. Buna baxmayaraq, kiçik sahibkarlıq subyektləri də 2022-ci il üçün gəlir və xərclərin uçotunu kassa metodu ilə apara bilərlər. Yəni Məcəlləyə dəyişikliklə əlaqədar əlavə edilmiş keçid müddəalarına görə orta və iri sahibkarlar 1 yanvar 2022-ci il tarixdən, kiçik sahibkarlar isə 1 yanvar 2023-cü il tarixdən kassa metodunu tətbiq edə bilməyəcəklər.
Əlavə olaraq qeyd edək ki, bu dəyişikliklə əlaqədar indiyədək gəlir və xərclərin uçotunu kassa metodu ilə aparan orta və iri sahibkarlıq subyektləri 2022-ci il yanvarın 1-dək, kiçik sahibkarlıq subyektləri isə 2023-cü il yanvarın 1-dək yaranan debitor və kreditor borcları barədə məlumatı (məlumat forması müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir) iri və orta sahibkarlıq subyektləri 2022-ci il martın 31-dək, kiçik sahibkarlıq subyektləri isə 2023- cü il martın 31-dək vergi orqanına təqdim edirlər.
Bundan başqa, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə edilən dəyişikliklərə əsasən, alkoqollu içkilər, tütün məmulatlarının alışı zamanı ödənilən ƏDV-nin geri qaytarılması dayandırılır. Lakin bu, Vergi Məcəlləsinin qüvvəyə mindiyi 1 yanvar 2022-ci il tarixindən deyil, 1 oktyabr 2022-ci il tarixindən tətbiq ediləcəkdir.