Vergi Məcəlləsinə dəyişikliklər olunacaq

03.12.2021C&S Group 1536

 

Milli Məclisin iclasında Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi üçüncü oxunuşda təsdiq edilib.

Qanun layihəsi parlamentin dekabrın 3-də keçirilən iclasında qəbul olunub.

Məcəlləyə təklif olunmuş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və sair istiqamətləri əhatə edir.

Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması istiqamətində verilmiş təkliflərdən biri şəhid olmuş şəxslərin ailə üzvlərinə və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara verilən maddi yardımın 10 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsidir.

Milli Məclisin plenar iclasında müzakirələrdən sonra qanun layihəsində müəyyən dəyişikliklər olunub. Belə ki, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə mənfəət vergisi bəyannaməsinin kameral yoxlanması ilə bağlı müddət 60 iş günü müəyyən edilib, həmçinin şəhid ailələrinə və müharibə əlillərinə göstərilən maddi yardımların gəlir vergisindən azad olunan məbləği 10 min manatdan 20 min manata qədər artırılıb, “Müharibədə yaralanan” anlayışı “Müharibə iştirakçıları” termini ilə əvəzlənib.

Bundan başqa, Milli Məclisin kənd təsərrüfatı məhsullarında istehsalçıdan sonra bütün növbəti həlqələrdə tətbiqi nəzərdə tutulan ƏDV-nin yalnız məhsulun ticarət əlavəsinə görə hesablanması ilə bağlı təklifi də nəzərə alınıb.

Məlum olduğu kimi, hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin min manatadək olan hissəsi gəlir vergisindən azaddır və bu azadolma sosial statusundan asılı olmayaraq maddi yardım alan bütün fiziki şəxslərə tətbiq edilir.

Şəhid olmuş şəxslərin ailə üzvlərinə və hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçulara və mülki şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamı olaraq bu kateqoriyaya aid fiziki şəxslərə verilən və məqsədli təyinatından asılı olmayaraq maddi yardımların 10 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi təklif olunur.

Gəlir vergisi üzrə təklif edilən digər bir dəyişiklik ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 min manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 40 min manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsidir.

Vergi Məcəlləsi qüvvəyə mindiyi 2001-ci il tarixdən etibarən müalicə haqlarının dəyərinin min manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, müavinətin dəyərinin 2 min manatadək olan hissəsi gəlir vergisindən azad olunub. Ötən dövr ərzində tibb sahəsində qiymət artımları, habelə cərrahiyyə əməliyyatlarının mövcud qiymətləri nəzərə alınaraq ölkə daxilində həmin məbləğlərin min manatdan 10 min manata, xüsusilə xarici ölkələrdə müalicə haqlarının, o cümlədən cərrahiyyə əməliyyatlarının məbləği yüksək olduğundan 2 min manatdan 40 min manatadək artırılması təklif edilib.

Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın