“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin müddəalarına əsasən iştirak haqqı tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərən (podratçı) tərəfindən ödənilən vəsaitdir.
Bu Qanunun 29-cu maddəsinin müddəalarına əsasən, 50-1.1-ci maddədə nəzərdə tutulmuş hallar istisna olmaqla, keçirilən satınalmalar zamanı malgöndərən (podratçı) tenderin əsas şərtlər toplusunu və kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün satınalan təşkilata iştirak haqqı ödəyir. İştirak haqqının ümumi məbləğini tender predmetinin ehtimal olunan qiymətinin 0,3 faizindən və tender xərclərinin 1,2 mislindən çox olmamaq şərti ilə satınalan təşkilat müəyyən edir. Tenderin keçirilməsi ilə bağlı bütün xərclər, o cümlədən, elan, reklam, tender keçirilən yerin icarəsi, tender komissiyasının maliyyələşdirilməsi, tender sənədlərinin hazırlanması və iddiaçılara çatdırılması xərcləri, həmçinin, tenderin keçirilməsi ilə birbaşa əlaqədar olan bütün digər xərclər tenderdə iştirak haqları hesabına ödənilir. Tenderdə iştirak haqlarından toplanmış vəsait tender xərclərindən çox olduqda fərq satınalan təşkilatın sərəncamında qalır (büdcədən maliyyələşən təşkilatlarda dövlət büdcəsinə köçürülür), az olduqda isə fərq satınalan təşkilatın hesabından ödənilir.
Qeyd olunanlara əsasən tenderdə iştirak üçün ödənilən iştirak haqları xidmətlərin göstərilməsi ilə bağlı olduğundan ƏDV-yə cəlb olunur.
Belə ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyektidir.
Əsas: Vergi Məcəlləsinin 159-cu maddəsi, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci və 29-cu maddələri.