Təhsil məzuniyyətində əmək haqqı hesablanması

02.02.2022C&S Group 168

 

 Qanunvericiliyə, əsasən, işləməklə yanaşı, təhsil alan işçilərə ödənişli yaradıcılıq və təhsil məzuniyyətləri verilir. Bəs təhsil məzuniyyəti zamanı məzuniyyət haqqının hesablanması və rəsmiləşdirilməsi qaydası necədir?

Əmək Məcəlləsinin 123-cü maddəsinə əsasən, işləməklə yanaşı, təhsil alan işçilərə aşağıdakı məqsədlərlə ödənişli təhsil məzuniyyətləri verilir:

- müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək, laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün;

- dövlət imtahanlarını vermək üçün;

- diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün.

Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə bu Məcəllənin 177-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əməkhaqqı ödənilir.

Təhsil məzuniyyətinin müddəti Məcəllənin 124-cü maddəsində müəyyənləşdirilib. Həmin maddəyə əssasən:

- ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri, yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində birinci və ikinci kurslarda 30 təqvim günü;

- qalan kurslarda 40 təqvim günü;

- orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə birinci və ikinci kurslarda 20 təqvim günü;

- digər kurslarda 30 təqvim günü;

- ali və orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə dövlət imtahanları dövründə 30 təqvim günü;

- diplom işinin hazırlandığı və müdafiə edildiyi dövrdə ali təhsil müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə 4 təqvim ayınadək;

- orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində təhsil alan işçilərə isə 2 təqvim ayınadək;

- peşə təhsili müəssisələrində istehsalatdan ayrılmadan təhsil alan işçilərə imtahanlara hazırlaşmaq və imtahanları vermək üçün tədris ilində 30 təqvim günü;

- ümumtəhsil müəssisələrinin qiyabi qruplarında təhsil alan işçilərə buraxılış siniflərində imtahanlarını vermək üçün 20 təqvim günü müddətində məzuniyyət verilir.

Bu maddədə nəzərdə tutulmuş məzuniyyətlərdən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər.

Yuxarıda da qeyd edildiyi kimi, ödənişli təhsil məzuniyyəti müddətində işçiyə Əmək Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əməkhaqqı ödənilir.

Misal: Fərz edək ki, işçinin maaşı noyabr ayında 700, dekabr ayında isə 900 manat olub. Bu zaman məzuniyyət haqqını hesablamaq üçün məzuniyyətdən əvvəlki son iki ayın əməkhaqqı məbləği cəmlənib, həmin aydakı iş günlərinin sayına bölünür, məzuniyyət günlərində olan iş günlərinin sayına vurulur. İşçinin 30 günlük təhsil məzuniyyətinə çıxdığını, noyabr və dekabr aylarında iş günlərinin sayının 22 və 24 olduğunu nəzərə alsaq, məzuniyyət haqqı aşağıdakı kimi hesablanır:

700+900 = 1.600 manat

22+24 = 46 iş günü

1.600 : 46 = 34,78 manat

34,78 x 23 = 799,94 manat.

Təhsil məzuniyyətinin rəsmiləşdirilməsi Əmək Məcəlləsinin 138-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.

Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir.

İşəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst və vaxtında aparmağa borcludur. Məzuniyyətlərin verilməsinin uçotu işçilərin iş illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi vaxt və müvafiq əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi göstərilməklə aparılmalıdır. Məzuniyyətlərin verilməsi işəgötürənin imkanlarına müvafiq olaraq kompüter proqramları və ya sadələşdirilmiş kargüzarlıq yolu ilə aparılır.

Əmək Məcəlləsinin 140.5 ci maddəsinə əsasən, işçiyə məzuniyyət vaxtı üçün orta əməkhaqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın