Sadələşdirilmiş vergi və ödəyiciləri

14.11.2024C&S Group 272

 

Beynəlxalq praktikada tətbiq olunan vergitutma sistemlərindən biri də sadələşdirilmiş sistem üzrə vergilərin hesablanması və ödənilməsidir.

Sadələşdirilmiş vergi - sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin gəlirindən sadələşdirilmiş formada tutulan vergi növüdür. Bu vergi sahibkarın fəaliyyət növündən asılı olaraq tətbiq olunur.

Bu verginin mahiyyəti nədir?

Sadələşdirilmiş sistemin mahiyyəti ondan ibarətdir ki, fiziki və ya hüquqi şəxs öz fəaliyyətinə görə vergini Vergi Məcəlləsində müəyyən olunmuş formada ödədikdən sonra qalan hissəni istədiyi kimi xərcləyib sonda dividend kimi götürə bilər. Mənfəət vergisindən fərqli olaraq bu sistem üzrə gəlirlərdən xərcləri çıxmağa ehtiyac qalmır. Ona görə də bu vergiyə sadələşdirilmiş deyilir.

Sadələşdirilmiş verginin ödəyciləri aşağdakı şəxslərdir:

-ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər;

-vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər.

Əsasən yalnız sadələşdirilmiş verginin ödəyiciləri olan şəxslər isə:

-mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan və Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımaları xidmətini göstərən (o cümlədən taksi xidmətini göstərən) şəxslər (beynəlxalq yük və sərnişin daşımaları xidmətini göstərənlər istisna olmaqla) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər;

-idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarının operatoru və satıcıları olan şəxslər;

-mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər və mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər də sadələşdirilmiş verginin ödəyiciləridirlər.

Qeyd: Fiziki şəxs mülkiyyətində olan yaşayış sahəsində azı 3 il ərzində qeydiyyatda olarsa, həmin sahənin təqdim edilməsi zamanı sadələşdirilmiş və digər vergilər tətbiq olunmur. Onu da qeyd edək ki, sadələşdirilmiş vergi ödəyən fiziki və hüquqi şəxslər ƏDV-nin və mənfəət vergisinin ödəyicisi deyil. 

Sadələşdirilmiş vergidən azad olan şəxslər aşağıdakılardır:

-kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi - 2014-cü il yanvarın 1-dən 13 il müddətinə;

-qanunla müəyyən edilmiş hallarda dövlət büdcəsinə olan vergi borclarının silinməsindən əldə olunan gəlir;

-dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi üzrə daxilolmalar;  

-Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər;  

-mülkiyyətdə olan yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin təqdim edilməsi üzrə aşağıdakı təqdim edilmə halları;

-fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi;

-fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadratmetr olan sahəsi;

-Vergi Məcəlləsinin 102.1.3.2-ci, 102.1.18-ci, , 144.1.1-ci və 144.1.2-ci və 144.1.4-cü maddələrində nəzərdə tutulmuş hallar. 

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın