Azərbaycanda konsaltinq şirkətləri müxtəlif xarakterli məsləhətlər həyata keçirirlər. Əsasən, bu xidmətlərə hüquq konsaltinq, vergi konsaltinq, mühasibatlıq xidmətləri, mühasibat uçotunun təşkili xidmətləri, biznes konsaltinqi, texniki təhlükəsizlik üzrə konsaltinq xidmətləri və digər xidmətlər aid edilə bilər.
Spesifik bilik tələb edən mövzular sahəsində kənar şirkətlərdən məsləhətlərin alınması bir sıra hallarda şirkətlərin daxili qaydalarının tələbi, digər hallarda praktiki zərurətlə bağlı ola bilər.
Konsaltinq xidmətlərini göstərən şirkətlər göstərdiyi xidmətin nəticəsinə əsasən formalaşmış təcrübə və xüsusi bilikləri əsasında tövsiyələrini verirlər. Bununla belə, konsaltinq şirkətləri ilə bağlanılan müqavilələrdə aşağıdakı məqamların nəzərə alınmasını tövsiyə edirik:
-göstəriləcək konsaltinq xidmətlərinin dəqiq dairəsi;
-xidmətlərə daxil olmayan məsələlər;
-konsaltinq şirkətinin təminat verdiyi nəticələr;
-konsaltinq şirkətinin məsuliyyəti – qəsdən və ya kobud ehtiyatsızlıqdan verilmiş yanlış məsləhətin hüquqi nəticəsi;
-konsaltinq xidmətlərinin göstərilməsinə cəlb ediləcək şəxslərə dair tələblər və ya onların siyahısının (adlarının) dəqiq müəyyən olunması;
-xidmətlərin göstərilmə müddəti;
-konsaltinq şirkətindən tələb edilən peşəkar məsuliyyət sığortası;
-digər ümumi müqavilə şərtləri.
Konsaltinq şirkətlərinin əsas müqavilə öhdəliyi mövzu üzrə məsləhətin verilməsi olduğundan, praktikada hər hansı nəticənin baş verməsinə təminatın alınması dəqiqləşdirilməlidir. Verilmiş məsləhətin praktikada yanlış nəticələnməsi ilə yaranan zərərlər, əsasən, peşəkar məsuliyyət sığortası (professional liability insurance) əldə edilməklə aradan qaldırılır. Bu zaman konsaltinq şirkətinin peşəkar məsuliyyətinin həddinin və sığorta hadisəsinin ətraflı izahının müqavilədə əks etdirilməsi tövsiyə edilir. Bu kimi səbəblərdən dolayı konsaltinq şirkətlərinin seçimində və onlarla müqavilələrin bağlanılmasında hüquqi dəstəyin alınması tövsiyə olunur.