Mühasibatlıq hər bir biznesin maliyyə idarəetməsində mühüm yer tutur. Şirkətin gəlir və xərclərinin izlənməsi, vergi və hesabatların hazırlanması, maliyyə qərarlarının düzgün verilməsi üçün mühasibat uçotu vacibdir.
Mühasibat uçotu, müəssisənin bütün maliyyə əməliyyatlarını sənədlər əsasında izləyən və sistemli şəkildə qeyd edən məlumatlar toplusudur. Bu uçot vasitəsilə biznes sahibi və ya rəhbərlik şirkətin real maliyyə vəziyyətini görə, gəlir-xərc balansını dəyərləndirə və gələcək addımlarını planlaşdıra bilər. Bu sistem olmadan nə müəssisənin vergi öhdəlikləri düzgün yerinə yetirilə bilər, nə də biznesin inkişafı barədə real qərarlar qəbul oluna bilər.
Mühasibat uçotunun dörd əsas funksiyası var və bu funksiyalar bir-biri ilə əlaqəlidir. Bu funksiyalar sayəsində şirkət öz fəaliyyətinə nəzarət edə, gəlirlərini artırmaq və xərclərini azaltmaq üçün strateji qərarlar qəbul edə bilir. Qeyd etdiyimiz funksiyalar aşağıdakılardır:
-qeydiyyat funksiyası – bütün maliyyə əməliyyatlarının dəqiq və sənəd əsaslı şəkildə qeyd olunması;
-təsnifat funksiyası – qeyd edilmiş əməliyyatların kateqoriyalara bölünməsi və uçot sistemində sinifləşdirilməsi;
-ümumiləşdirmə funksiyası – müəyyən dövrlər üzrə əməliyyatların qruplaşdırılması və yekun balansların hazırlanması;
-hesabat funksiyası - əldə olunan məlumatların maliyyə hesabatları şəklində təqdim edilməsi və təhlil üçün istifadə olunması.
Maliyyə uçotu və idarəetmə uçotu arasında fərq ondan ibarətdir ki, maliyyə uçotu — dövlət orqanlarına təqdim olunan rəsmi hesabatlardır və əsas məqsədi qanunvericiliyə uyğun olaraq gəlir, xərclər, vergi və aktivlərin izlənilməsidir. İdarəetmə uçotu isə müəssisənin daxili qərar qəbuletmə prosesini dəstəkləyən məlumatları əhatə edir. Bu uçot növü rəhbərliyə planlaşdırma və analiz üçün lazım olan məlumatları təqdim edir. Maliyyə uçotu, xarici tərəflər (vergi orqanı, investor və s.) üçün, idarəetmə uçotu isə daxili idarəetmə və planlaşdırma üçün hazırlanır.
Mühasib, müəssisənin bütün maliyyə əməliyyatlarını idarə edən, hesabatları hazırlayan və maliyyə nizam-intizamını təmin edən şəxsdir. Onun əsas vəzifəsi uçot aparmaq, vergi bəyannamələrini hazırlamaq, dövlət orqanlarına hesabatların verilməsi, rəhbərliyə müəssisənin maliyyə vəziyyəti barədə düzgün məlumat təqdim etməkdir. Peşəkar mühasib olmadan şirkət maliyyə sabitliyini və qanunvericiliyə uyğunluğu təmin edə bilməz.
Eyni zamanda mühasibatlıq yalnız hesabatların təqdim edilməsindən ibarət deyil. O, şirkətin iqtisadi sağlamlığını qoruyan əsas sistemdir. Doğru aparılmış mühasibat uçotu biznesiniz üçün bir çox üstünlüklər yaradır. O, şirkətinizi qanuni risklərdən qoruyur, xərclərə qənaət etməyə və maliyyə resurslarından daha səmərəli istifadə etməyə imkan verir. Eyni zamanda investorlar və tərəfdaşlar üçün şəffaf maliyyə mühiti yaradır ki, bu da etimadı artırır. Dəqiq və düzgün aparılmış uçot sayəsində siz real məlumatlara əsaslanaraq daha effektiv qərarlar qəbul edə və biznesinizi planlı şəkildə inkişaf etdirə bilərsiniz.
Əgər siz də biznesinizi böyütmək, vaxtınıza və büdcənizə qənaət etmək istəyirsinizsə, şirkətimizin təklif etdiyi mühasiatlıq xidmətlərinə müraciət etməyin tam zamanıdır.