Müəssisədə mühasibat uçotu düzgün aparıldığı zaman vergi uçotu daha dəqiq aparılır.
Müəssisənin mühasibat və vergi uçotunun hazırlanması bir-birindən fərqlənir, lakin mühasibat uçotu hesabatları hazırlanmadıqda, yalnız vergi uçotu aparıldıqda müəyyən səhvlərə və saxtakarlığa yol verilə bilər.
Uçot və hesabatın aparılması qanunvericiliyin tələbidir. 2018-ci ildə təkmilləşdirilmiş “Mühasibat uçotu haqqında” Qanuna görə uçot və hesabat beynəlxalq standartlara uyğun aparılmalıdır. Mühasibat uçotunun aparılması ilə bağlı Maliyyə Nazirliyinin kollegial qərarları, təlimatlar mövcuddur; İnzibati Xətalar Məcəlləsinə əsasən, bu sahədə qanun pozuntusuna görə 500 manatdan 1.500 manatadək cərimə tətbiq edilir. Bununla belə, mühasibat uçotunun yoxlanılması sistemi həyata keçirilmədiyindən vergi ödəyiciləri vergi uçotunu vergi orqanlarına təqdim etmək üçün aparırlar.
Maliyyə Nazirliyi yalnız törəmə müəssisəsi olan şirkətlərin konsolidə olunmuş hesabatlarını tələb edir və yoxlayır ki, belə şirkətlərin sayı heç 1% təşkil etmir. Şirkətlərin 99%-i isə bu hesabatları təqdim etmirlər.
Hələ 2017-2018-ci illərdə aparılmış sorğulara görə ölkə üzrə mühasibat uçotunun aparılması səviyyəsi təxminən 5-10 % olub, lakin 2021-ci ildən başlayaraq mühasibat uçotunu aparanların sayında artım qeydə alınır. Bunun səbəbi Dövlət İmtahan Mərkəzi tərəfindən baş mühasiblər üçün peşəkar mühasib sertifikatının verilməsi məqsədilə imtahanların keçirilməsidir. Mühasiblərin bu sertifikata böyük marağı var. Baş mühasiblər uçotu, müxabirləşmələri yeni standartlara uyğun daha dərindən öyrənməlidirlər. 2023-cü ildə ölkə üzrə mühasibat uçotu aparan vergi ödəyicilərinin sayında 10-15% artımın olacağı ehtimal edilir.