İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır. Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda, ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 % dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.
Məlumat üçün bildiririk ki, işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmur və gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir. Bu baxımdan, qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda, əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 % dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda, (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 % vergi güzəşti də çıxılmaqla 20 % dərəcə ilə, nəticə etibarilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.
Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindəki “Vergi bələdçisi” bölməsinə müraciət edə bilərsiz.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 218-ci və 220-ci maddələri.