Konsaltinq, öz biznesinin inkişafı ilə maraqlanan korporativ müştərilərə göstərilən xidmət növüdür. Nəticə etibarilə konsaltinq şirkəti müəyyən müddət ərzində müştərisinin gəlirini həmin gəlirdən n % əldə etməklə artırmağa dair öhdəlik götürür. Bunun üçün konsultanta, müştəri-şirkətin rəhbərliyinə mütəxəssis-konsultant kimi daxil edilmək və strateji qərarlar vermək kimi geniş səlahiyyətləri verilir.
Konsaltinqin həll etməli olduğu problemlər sahəsi həddən artıq geniş və ixtisaslaşması isə müxtəlif ola bilər. Bəzi şirkətlər konsaltinqin hər hansı bir sahəsi (məsələn, strategiya, əməyin təşkili, sərmayələr, kadr siyasəti, maliyyə, vergilər və s.) ilə kifayətlənməklə, məhdud ixtitsaslı şirkət olaraq fəaliyət göstərir. Geniş ixtisaslaşmaya malik olanlar isə konsaltinq sahəsində tam xidmət spektri təqdim edir. Konsaltinq xidmətlərinin istənilən təchizatçısı uyğun olaraq konsaltinq məvhumuna öz şəxsi anlayışlarını tətbiq edir.
Konsaltinq, müştəri-təşkilatların idarəetmə, iqtisadi, maliyyə, sərmayə fəaliyyəti, strateji planlaşdırma, şirkətin ümumi fəaliyyəti, biznesin aparılması, satış bazarlarının araşdırılması və proqnozlaşdırılması, qiymətlərin hərəkatı və. s kimi məsələlərini həll edir. Başqa sözlə desək, konsaltinq bu və ya digər problemin həllində xarici konsultantlar tərəfindən göstərilən istənilən yardımdır.
Konsaltinqin əsas məqsədi kompaniyanın fəaliyyət effektivliyinin təkmilləşdirilməsinə və əməyin individual səmərəliliyinin artırılmasına yönəlmişdir. Son zamanlarda konsaltinq şirkətlərindən daha çox tələb olunan xidmət növü təşkilatlarda idarəetmə sisteminin qurulmasıdır.