Kənd təsərrüfatı məhsullarının alışı zamanı ƏDV hansı halda ümumi dövriyyədən hesablanır?

09.03.2023C&S Group 807

 

Vergi Məcəlləsinin 174.4-cü maddəsinə əsasən, 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura, habelə, elektron alış aktı ilə topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirildiyi halda bu maddədə göstərilən tarixdən üç il müddətində ƏDV ticarət əlavəsindən hesablanır. Kənd təsərrüfatı məhsullarının alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura, habelə, elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilmədikdə ƏDV ümumi dövriyyədən hesablanır. Maddədə diqqət çəkən 3 vacib məqamı qeyd edirik:

1.Maddədə 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsulları üzrə sənədləşmələrin düzgün həyata keçirilməsi vurğulanır. Qeyd edək ki, Vergi Məcəlləsində dəyişiklikləri nəzərdə tutan qanunun keçid müddəasında bildirilir ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışını həyata keçirən şəxslər tərəfindən 2022-ci il yanvarın 1-dək ƏDV ödənilməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə alınmış sahibliklərində qalan kənd təsərrüfatı məhsullarının sonradan satışı zamanı ƏDV həmin malların tam satış dəyərindən hesablanır.

2. 2022-ci ilin yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsulları üzrə aşağıdakı sənədlərdən ən azı biri olmadıqda ƏDV ticarət əlavəsindən yox, ümumi dövriyyədən hesablanacaq:

- elektron qaimə-faktura (vergi ödəyicilərindən alındıqda);

- idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (idxal olunduqda);

- elektron alış aktı ilə (vətəndaşdan) alındıqda.

3. Kənd təsərrüfatı məhsullarının təqdim edilməsi Vergi Məcəlləsinə uyğun olaraq həyata keçirilməlidir. Vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi aşağıdakı sənədlərlə rəsmiləşdirilməlidir:

- elektron qaimə-faktura (topdansatış qaydasında);

- nəzarət kassa-aparatının çeki (pərakəndə satış qaydasında).

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın