İş təcrübəsi

15.03.2021C&S Group 1736

 

 

İş təcrübəsi, hazırda ən vacib amillərdən biridir. Hər kəs belə bir problemlə üzləşib; yaxşı bir işə düzəlmək üçün iş təcrübəsi tələb olunur, həmin bu iş təcrübəsini qazanmaq üçün isə  işə düzəlmək lazım gəlir. Belə bir situasiyada ruhdan düşərək, arzularınız üzərindən xətt çəkməyin. Əgər içinizdə həqiqətən də böyük bir istək varsa, təcrübə olmadığı halda belə iş tapa biləcəksiniz.

Əslində, hər şey göründüyü kimi çətin deyil. Çox məşhur olan Superjob.ru portalı çox maraqlı bir tədqiqat keçirmişdir. Tədqiqatın nəticələrinə görə  orta şirkətlərin 66%-i və iri şirkətlərin 85%-i təcrübəsiz mütəxəssisi işə götürməyə hazır olduğunu qeyd ediblər. 

Bütün bunlara baxmayaraq nə etməli olduğunu bilməyən məzunların sayı get-gedə artır. İşədüzəlmə məsələsinə aydınlıq gətirmək məqsədi ilə, biz, sizin üçün vacib informasiyanı bölüşürük.

 

İlk işimi necə tapa bilərəm? – 7 məsləhət;

-təcrübə göstərir ki, tələbələrin bir çoxu təhsilini bitirməmiş işləməyə başlayırlar (adətən, part-time). Universiteti bitirdikdən sonra tələbə ya işlədiyi işdə qalır, ya da başqa bir yerdə iş axtarışına başlayır. Buradan nəticə çıxara bilərik ki, diplom almağınızı gözləməyib karyeranız haqqında qabaqcadan düşünməyə başlayın. Çalışın təhsil-iş balansını saxlaya biləsiniz və işiniz təhsilinizə mane olmalısın. 

Əgər təhsilinizi artıq başa vurmusunuzsa  onda digər tövsiyələrdən faydalanmağa çalışın. 

 

-müxtəlif kurs və təlimlərdə aktiv iştirak edin. Hal-hazırda demək olar ki, istənilən ixtisasa uyğun təlim və ya kurs tapa bilərsiniz. Əgər belə təlimlərdə tez-tez iştirak etsəniz, digər təcrübəsiz namizədlər ilə müqayisədə daha üstün mövqe tutmuş olarsınız. Adətən bu kimi təlim və kursları keçdikdən sonra sertifikat verilir. Onu öz CV-nizə əlavə etsəniz, istədiyiniz işi əldə etmək şansınız artacaq.  Eyni zamanda belə kurslara getməklə, siz, öz peşəkar bacarıqlarınızı yaxşılaşdıra bilərsiniz. 

 

-CV-ni düzgün tərtib edin. Təəccüblü deyil ki, işəgötürənlər CV-də ilk növbədə iş təcrübəsi bölməsinə diqqət edirlər. Bəs iş təcrübəniz yoxdursa nə etməlisiniz? Hər zaman çalışın bütün bilik və bacarığınızı CV-də qeyd edəsiniz. Əsas bölmələrlə yanaşı (şəxsi məlumat, təhsil və s.) aşağıda göstərilmiş bölmələri də qeyd etməyiniz tövsiyə olunur:

-şəxsi keyfiyyətlər: ünsiyyətcil, məqsədyönlü, aktivlik və s;

-bacarıqlar: komputer proqramları, texnologiyalar, metodlar və s;

-xarici dil biliyi;

-sertifikatlar, əlavə diplomlar və s.

Əgər universitet dövründə yazdığınız diplom işi şirkətin fəaliyyəti ilə sıx bağlıdırsa onu da qeyd edə bilərsiniz.

CV-ni müxtəlif iş axtarışı portallarında yerləşdirə bilərsiniz, bu sizin tez bir zamanda iş tapmağınıza kömək edəcək. CV-ni hər hansısa şirkətə göndərdikdən sonra şirkət əməkdaşlarının sizə zəng etməsini gözləməyin. Sizi ya müsahibəyə dəvət edəcəklər, ya da şirkətin maraqlarına uyğun olmadığınızı bildirəcəklər. İkinci halda nəzakətlə  yox cavabının səbəbini soruşun, gələcəkdə bu informasiya sizin üçün faydalı ola bilər. 

 

 

-müsahibəyə məsuliyyətlə yanaşın. Müsahibə, bir növ stressdir. Bu mərhələdə demək olar ki, hər bir kəs həyəcan keçirir və bu normaldır. Çalışın emosiyaları ələ alasınız. 

 

-təcrübə və ya təlimə üstünlük verin. İri şirkətlərin bir çoxu gənc mütəxəssislər üçün təcrübə və ya təlim prosesini təşkil edir. Heç bir iş təcrübəsi olmayan tələbə üçün bu əla fürsətdir. Əlbəttə ki, təcrübə proqramına qatılmaq üçün müəyyən seçim mərhələsindən keçməli olacaqsınız. Təcrübə proqramını müvəffəqiyyətlə bitirdikdən sonra həmin şirkət sizi işə götürə bilər. 

Əgər marağınızda olan şirkət təcrübə elan edirsə bu fürsətdən mütləq faydalanın. Orta hesabla bu kimi təcrübə proqramları 3 ay müddətində davam edirlər.  Çox vaxt universitet məzunları, ilk maaşları haqqında düzgün təsəvvür formalaşdıra bilmirlər. Təbii ki, hər bir kəs yüksək əmək haqqı almaq istəyir. Əgər heç bir iş təcrübəniz yoxdursa, bu fikirlərdən yayının. Çalışın öz peşə hazırlığınızı obyektiv qiymətləndirin.

 

-bütün mövcud əlaqələrdən istifadə edin. Arzuladığınız işi əldə etmək istəyirsinizsə, tanışlıq əlaqələrindən də istifadə edə bilərsiniz. İş axtarırsınızsa bu haqda dostlarınıza, tanışlarınıza və qohumlarınıza məlumat verin. Sosial şəbəkələrdə peşəkar qruplarda aktiv iştirak edin, tanışlıq əlaqələrini qurun, müxtəlif şirkətlərdə açıq vakansiyalardan xəbərdar olun. 

Sübut olunmuş fakt: əgər namizəd tapşırılaraq gəlirsə, ona qarşı olan münasibət dəyişir. Bəxtiniz gətirsə, bu yolla asanlıqla iş tapa bilərsiniz.

 

-nailiyyətlərinizi obyektiv qiymətləndirin. Yuxarıda qeyd edildiyi kimi, çox vaxt təcrübəsiz namizədlər yüksək əmək haqqına iddia edirlər. Təcrübədə bu situasiyanın tam əksi də olur. Bəzən namizəd özünə o qədər güvənmir ki, öz nailiyyət və bacarıqlarını dəyərləndirmir. Əgər universiteti müvəffəqiyyətlə bitirmisinizsə, deməli, artıq müəyyən təcrübəniz var. Buraya müxtəlif elmi işlərin və diplom işinin yazılması, konfrans və seminarlarda iştirak etməyiniz də daxildir. 

Şirkətlər arasında seçim edərkən ehtiyatlı olun. Təəssüflər olsun ki, əmək bazarında fırıldaqçı şirkətlərin sayı olduqca çoxdur. Təcrübəsiz mütəxəssis və ya universitet məzunu, asanlıqla yalançı vədlərə aldana bilər. Adətən bu kimi şirkətlər namizədə yüksək əmək haqqı, komfortlu iş şəraiti vəd edirlər. Əgər işəgötürən sizdən pul tələb edirsə, dərhal həmin müəssisəni tərk edin. Unutmayın ki, əməyinizə görə siz yox, sizə əmək haqqı verməlidirlər. 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın