İcbari tibbi sığorta

12.07.2021C&S Group 1467

 

İcbari tibbi sığorta, sığorta hadisəsi zamanı əhaliyə ilkin səhiyyə xidmətləri, təcili və təxirəsalınmaz tibbi yardım, sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə imkan yaradır.

İcbari tibbi sığorta üzrə sığorta haqları işçinin əməkhaqqından, yəni işəgötürən tərəfindən işçiyə pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə, ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır.

Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0,5% məbləğində icbari tibbi sığorta haqqı hesablanır.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0,5% məbləğində icbari tibbi sığorta haqqı tutulur. 2022-ci ildən etibarən bu sektor üzrə işəgötürən və işçilərdən əməkhaqqının 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqı tutulması müəyyən olunub.

Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri yerinə yetirən fiziki şəxslər aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyirlər.

1 yanvar 2021-ci ildən etibarən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar) minimum aylıq əməkhaqqının 4 faizi miqdarında (hazırda minimum əməkhaqqı 250 manat olduğu üçün ayda bu 10 manat təşkil edir) icbari tibbi sığorta haqqı ödəyirlər. Bu məbləğ hər ay üçün hesablanır və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı halda vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar) icbari tibbi sığorta haqqı ödəməkdən azaddır.

Əməkhaqqının tərkibinə daxil olmayan ödənişlər icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunmur.

Qeyd edək ki, 1 yanvar 2020-ci ildən icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqinə başlanılıb.1 aprel 2021-ci ildən isə icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edir.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın