Fiziki şəxslərin sosial ödənişlərinin məbləği həm ərazilərə görə, həm də fiziki şəxsin fəaliyyət sahəsinə görə dəyişir.
“Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsində göstərilib ki, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 %-i, digər sahələrdə 25 %-i miqdarında hesablanır. Regionlar üzrə ödəniş miqdarı isə belə müəyyən edilib:
- Bakı şəhərində əməkhaqqının 100 %-i;
- Sumqayıt və Gəncə şəhərlərində 90 %-i;
- digər şəhərlərdə 80 %-i;
- rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 %-i;
- kənd yerlərində 50 %-i.
Ticarət sahələrində fəaliyyət göstərən sahibkarlar hər ay minimum aylıq əməkhaqqının 25 %-i miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
Regionlardan asılı olaraq ödənişin miqdarı dəyişir. Belə ki, ticarətlə məşğul olanlar Bakıda 62,50 manat, Sumqayıt və Gəncədə 56,25 manat, digər şəhərlərdə (məsələn, Mingəçevirdə) 50 manat, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə (məsələn, Oğuz şəhərində) 37,50 manat, kənd yerlərində isə (məsələn, Oğuz rayonunun Bucaq kəndində) 31,25 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.
Misal 1: Fiziki şəxs Zaqatala şəhərində ticarətlə məşğul olur. Azərbaycanda minimum aylıq əməkhaqqının miqdarı bu il üçün 250 manat müəyyən edilib. Həmin şəxsin aylıq sosial sığorta ödənişi belə hesablanır:
250 x 25% = 62,50 manat
62,50 x 80% = 50 manat
Əgər həmin şəxs Zaqatalada tikinti sektorunda çalışarsa, 100 manat sosial sığorta haqqı ödəməlidir:
250 x 50% = 125 manat
125 x 80% = 100 manat
Misal 2: Fiziki şəxs Zaqatala rayonunun Qımır kəndində ticarətlə məşğul olur. Onun aylıq məcburi dövlət sosial sığorta ödənişi belə hesablanır:
250 x 25% = 62,50 manat
62,50 x 50% = 31.50 manat.
Əgər fiziki şəxs kənddə tikinti ilə məşğul olarsa, 62,50 qəpik aylıq sosial sığorta haqqı ödəməlidir:
250 x 50% = 125 manat
125 x 50% = 62,50 manat
Misal 4: Sumqayıtda tikinti ilə məşğul olan fiziki şəxsin aylıq məcburi dövlət sosial sığorta ödənişi 112,50 manat olacaq:
250 x 50% = 125 manat
125 x 90% = 112,50 manat.
Xatırladaq ki, sahibkarlıqla məşğul olan fiziki şəxslər məcburi dövlət sosial sığorta haqqı ilə yanaşı, hər ay icbari tibbi sığorta haqqı ödəməlidir. Onun məbləği minimum aylıq əməkhaqqının 4 %-i həcmindədir:
250 x 4% = 10 manat.