Ezamiyyə müddətində əmək haqqının hesablanması

17.09.2025C&S Group 85

 

Ezamiyyəyə göndərilən işçilərin əmək haqlarının dəqiq və qanunvericiliyə uyğun hesablanması həm işəgötürən, həm də işçi üçün son dərəcə vacibdir. Bu məqalədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsaslanaraq, ezamiyyə zamanı əmək haqqının necə hesablandığını ətraflı və praktiki nümunələrlə izah edəcəyik.

 

Əmək Məcəlləsinin 179-cu maddəsiəsasən, yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə, xarici ölkələrə ezamiyyətə göndərildikdə işçinin iş yeri və orta əmək haqqı saxlanılır. Bu müddəaya görə ezamiyyəyə göndərilən işçinin müvəqqəti olaraq iş yerindən uzaqlaşması əmək haqqının itirilməsi ilə nəticələnmir. Əksinə, orta əmək haqqı bu dövrdə tam şəkildə ödənilməlidir.

 

Əmək Məcəlləsinin 177.2-ci maddəsində orta əmək haqqının hesablanma qaydası bu şəkildə göstərilir:

"Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı, ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.”

Bu prinsipə əsasən, ezamiyyə günlərinə görə ödənilən əmək haqqı da eyni metodla hesablanır.

Nümunə:

"A" MMC adlı müəssisə öz işçisini 2024-cü ilin dekabr ayında 5 günlük ezamiyyətə göndərmişdir. İşçinin oktyabr və noyabr ayları üzrə aylıq əməkhaqqı hər biri 800 manatdır. Dekabr ayında da işçi üçün 20 iş günü müəyyən edilmişdir.

 

 Oktyabr ayında:

İş günü: 23

Əmək haqqı: 800 manat

 Noyabr ayında:

İş günü: 19

Əmək haqqı: 800 manat

 

Addım 1: Orta Əmək Haqqının Hesablanması

Toplam qazanc: 800 + 800 = 1600 manat     

Toplam iş günü: 23 + 19 = 42 gün                              

Orta gündəlik əmək haqqı: 1600 / 42 = 38,10 manat

 

 

Addım 2: Ezamiyyə Günlərinə Görə Əmək Haqqı

Ezamiyyədə olunan iş günləri: 5 gün                                                 

Ezamiyyə dövrünə görə əmək haqqı: 38,10 x 5 = 190,50 manat

 

 

Addım 3: Ezamiyyədə Olunmayan Günlərə Görə Əmək Haqqı

 Dekabr ayı:

Ümumi iş günləri: 20

Ezamiyyə günləri: 5

Qalan iş günləri: 15

 

Gündəlik əmək haqqı: 800 / 20 = 40 manat         

Ezamiyyədə olunmayan günlərə görə əmək haqqı: 40 x 15 = 600 manat

 

 

Addım 4: Ümumi Əmək Haqqı

Dekabr ayı üzrə cəmi əmək haqqı: 190,50 (ezamiyyə) + 600 (iş günləri) = 790,50 manat

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın