ƏDV qeydiyyatı ləğv edilən vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi olma hüququ

14.05.2024C&S Group 506

 

Təcrübədə rast gəlinən suallardan biri də ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan çox olan pərakəndə ticarət və ya xidmət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin ƏDV ödəyicisi olduqdan sonra yenidən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun tənzimlənməsidir.

Sahibkarları maraqlandıran bu suala aydınlıq gətirmək istəyərdik:

Vergi Məcəlləsinin 218.2-ci maddəsinə edilmiş əlavəyə əsasən, bu Məcəllənin 158.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edildikdə, o, öz fəaliyyətini həmin Məcəllənin 218.1.1-ci maddəsinə uyğun və ya gəlir vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər.

Maddədə əsas məqamlardan biri Məcəllənin 158.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin ƏDV qeydiyyatının ləğv edilməsi məsələsidir. Vergi Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, bu Məcəllənin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər.

Misal 1: ƏDV qeydiyyatında olan vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 200.000 manatdan aşağı – 150.000 manat olub. Vergi ödəyicisi müraciət edərək sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmək istəsə, ona imtina veriləcək. Çünki Vergi Məcəlləsinin 158.2-ci maddəsində vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləğinin əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox olmaması tələbi qoyulur.

Misal 2: Xidmət sahəsində fəaliyyət göstərən vergi ödəyicisinin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan çox olduğu üçün 2024-cü ilin fevral ayında ƏDV qeydiyyatına alınıb. Vergi ödəyicisinin 2024-cü il noyabr ayında vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan aşağı - 80.000 manat olub. Vergi ödəyicisi sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmək istəsə, vergi orqanı tərəfindən imtina cavabı veriləcək. Çünki Vergi Məcəlləsinin 158.2-ci maddəsində ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçməsi tələbi qoyulub. Misalımızdakı vergi ödəyicisi 2024-cü ilin fevral ayında ƏDV qeydiyyatına alındığı üçün 2024-cü ilin noyabr ayındakı müraciəti Vergi Məcəlləsinin 158.2-ci maddəsinin tələblərinə uyğun deyil.

Misal 3: Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi 2023-cü ilin sentyabr ayında ƏDV qeydiyyatına alınıb. Vergi ödəyicisi 2024-cü ilin oktyabr ayında sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməklə bağlı vergi orqanına müraciət edib. O, fikrini onunla əsaslandırıb ki, əvvəlki tam 12 təqvim ayı ərzində vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği 70.000 manat olub. Bu zaman vergi orqanı 2024-cü ilin bitməsini gözləməyərək vergi ödəyicisinin 1 oktyabr 2024-cü il tarixdən sadələşdirilmiş vergi mükəlləfiyyətini aktiv edəcək.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın