Dividendin ödənilməsi zamanı tətbiq edilən vergi güzəşti

27.05.2024C&S Group 351

 

Dividend - hüquqi şəxsin öz təsisçilərinin və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi, o cümlədən, hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın bölüşdürülməsi, habelə səhmlərin xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir. Bəs bu ödənişlərə hansı formada vergi güzəşti tətbiq olunur?

Vergi Məcəlləsində edilmiş son dəyişikliyə əsasən, 01.01.2024-cü il tarixdən etibarən rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 5% dərəcə ilə vergi tutulmalıdır. Dəyişiklikdən əvvəl isə bu vergi 10% dərəcə ilə tutulurdu. Vergi Məcəlləsində edilmiş daha bir dəyişikliyə əsasən isə dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının, yerli özünüidarəetmə orqanlarının və dövlətin adından yaradılmış publik hüquqi şəxslərin dividend gəlirləri 5% dərəcə ilə vergiyə cəlb olunacaq.

Xatırladaq ki, dəyişiklikdən əvvəl qeyd edilən vergi ödənişlərinə münasibətdə dividend gəlirlərinə görə vergi azadolması tətbiq edilirdi. Mərkəzi icra hakimiyyəti orqanlarının dividend gəlirlərinin vergiyə cəlb edilməsi ilə, təsisçilərin mülkiyyət növündən asılı olmayaraq, hər bir iştirakçı üçün bərabər iqtisadi şəraitin yaradılması məqsədilə sözü gedən azadolma ləğv edilərək 5% dərəcə ilə vergi tutulması istiqamətində Vergi Məcəlləsində dəyişiklik edilib.

Qeyd edək ki, 2019-cu il 1 yanvardan etibarən ƏDV ödəyicisi olmayan mikro sahibkarlıq subyekti olan rezident müəssisənin təsisçisi və yaxud səhmdarları olan fiziki şəxslərin dividend gəlirləri müddətsiz olaraq gəlir vergisindən azaddır. 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri də gəlir vergisindən azad edilib.

Misal 1: Hesabat ilinin yekununda “AA” MMC-nin hesabında 50.000 manat bölüşdürülməmiş mənfəət qalıb və müəssisə bu məbləği dividend şəklində səhmdarlar arasında bölüşdürmək qərarına gəlib.

1. Əgər sözügedən müəssisə mikro sahibkarlıq subyekti olan rezident müəssisə deyilsə, bölüşdürülməmiş mənfəətin ödənişi zamanı onun 5 faiz dərəcə ilə vergi öhdəliyi yaranır:

50.000 x 5% = 2500 manat.

2. Əgər müəssisə ƏDV ödəyicisi olmayan mikro sahibkarlıq subyektidirsə, bu zaman dividend ödənişi zamanı müəssisənin vergi öhdəliyi yaranmayacaq.

Lakin bu güzəşt ƏDV ödəyicisi olmayan mikro sahibkarlıq subyektlərinə 2019-cu ilin 1 yanvar tarixindən verildiyi üçün 01.01.2019 tarixdən əvvəl yaranmış xalis mənfəətin bölüşdürülməsi zamanı bu güzəşt tətbiq olunmayacaq.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın