Covid-19 təsiri

13.10.2020C&S Group 2024

 

 

Koronavirusdan (COVİD-19) ilk yoluxma halı Çin əyalətində Vuhan adlı kiçik balıq  bazarında 2019-cu il dekabrında qeydə alınıb. İlk başlanğıcda sıravi virus kimi görünsə də, sonradan bütün dünyanı öz əlinə alaraq pandemiyaya çevrildi. Hazırda isə dünya ölkələrində elə bir sektor yoxdur ki, virusun sosial, iqtisadi, psixoloji və ya digər təsirlərindən yan keçsin. Yoluxma riskini azaltmaq məqsədi ilə insanların evdə qapanmaları, iş yerlərinin fəaliyyətini dayandırması, əyləncə məkanlarına girişin qadağan olunması normal həyat şərtlərinin tamamilə sıradan çıxmasına səbəb oldu. İş yerini itirənlər, ümumiyyətlə fəaliyyətini davam etdirə bilməyən şirkətlər, aylarla müştəri qəbul edə bilməyən ictimai iaşə obyektləri, onların maaşsız qalan işçiləri və s.

Pandemiyanin qlobal iqtisadiyyata və ölkələrin iqtisadiyyatına təsirlərini müxtəlif aspektdən dəyərləndirmək olar. Qlobal iqtisadiyyatda qlobal tədarük zəncirinə olan mənfi təsirləri, qlobal ümumdaxili məhsulda payı yüksək olan Çin, ABŞ və Avropa ölkələrində baş verən geriləmələr böyük təsir etmişdir. İlk başda müxtəlif iqtisadi araşdırma dairələri tərəfindən daha aşağı proqnoz edilən qlobal geriləmə faizi üçün daha sonra yüksək təxminlər irəli sürüldü. Bu kontekstdə olkələr iqtisadiyyatında bənzər və fərqli təsirlər də olmuşdur ki, bu da ölkələrin iqtisadiyyatının strukturu və idarəetmə sistemindən və görülən tədbirlərdən asılı olmuşdur. Bənzər tərəflər isə bütün ölkələrdə, xüsusilə,  xidmət sektorlarında əhəmiyyətli dərəcədə geriləmə və durğunluğun olmasıdır. Ölkəmizdə də xidmət sektorunun müxtəlif istiqamətləri: turizm, restoran iaşə xidmətləri, pərakəndə sektorunda, xüsusilə, qeyri-qida pərakəndə və topdan satışları, təhsil sahəsində fəaliyyət göstərən tədris mərkəzləri və kurslar pandemiyadan ən çox mənfi təsirlənən sahələr olmuşdur. Karantin dövrünün uzanması ilə bu sahələrdə iqtisadi aktivliyin azalması və bəzilərində tamamilə durması, göstərilən dəstəklərin yetərsiz qalması hətta bəzi müəssisələrin bağlanması təhlükəsi ilə baş-başa buraxmışdır. Bununla yanaşı pandemiya iqtisadi fəaliyyətlərdə bəzi yenilikləri də gətirmiş və ənənəvi metod və fəaliyyətlərlə bərabər alternativ xidmət və fəaliyyətləri sürətləndirmişdir. Buna ənənəvi satış və xidmət kanallarının bu dövrdə öz yerini onlayn satış və xidmət kanallarına dövr etməsi, onlayn tədris imkanlarının dəyərləndirilməsi, yerində alış-veriş və xidmətin bir qisminin qapıda, evdə təslimlə əvəzlənməsi bu yeniliklərə misal ola bilər. Bununla bərabər şirkətlərdə iş metoduna dəyişikliklərin edilməsi, evdən çalışmanın mümkünlüyünün test edilməsi, müxtəlif optimallaşdırma tədbirlərinin görülməsi də baş vermişdir. Ölkəmizdə iqtisadi diferensiallıgın olduqca zəif olması, resurs ölkə olmamız səbəbiylə neft qiymətlərinin dəyişməsi ümumi iqtisadiyyata və sosial iqtisadi inkişafa da təsirini göstərir və bu bəlkə də davam edəcəkdir. Bundan sonra karantin dövrünün uzadılması və buna  iqtisadi aktivliyin davamlı durğunluğu  daha çox zərər vura bilər.

Pandemiyanı hazırda psixoloqların fəaliyyətində əlavə məsuliyyət tələb edən bir dövr kimi qiymətləndirilir. Müşahidələrə əsasən bu dövr insanların özünü qəbullanma, özünü tanıma proseslərini ortaya çıxaran bir dövrdür. Çünki insanlar indi daha çox nəyi və niyə etdiklərini sorğulayırlar. İnsan öz həyatının dinamikasının içərisində olanda öz düşüncələrinə, daxilində olan fikirlərinə vaxt ayıra bilmir. Çünki gündəlik rutin fəaliyyət buna mane olur. Lakin bəzi insanlar da vardır ki, onlar bunu fürsətə çevirə bildilər. Ancaq real problemlərə toxunmaq da lazımdır. Məsələn, bir çox insanların işsizliyi, maddi sıxıntılar, maddi sıxıtıların səbəb olduğu psixo sosial problemlər də var.

Bu problemləri proses olaraq necə görə bilərik?, Bu dövrdə özümüzü maddi baxımdan qane etmək üçün hansı əlavə vasitələr tapa bilərik?

Burada əslində düzgün fəaliyyət planı hazırlana bilər. Aparılan təcrübələrə əsasən maddi sıxıntıdan əziyyət çəkənlər psixoloq qəbulu pullu olduğu üçün müraciət edə bilmirlər. Hansı ki, mən bu gün həyatımda özümü niyə tapa bilmirəm?, Bu gün olduğum iş yeri niyə məni qane etmir?, Bu gün mən ailə həyatımı necə düzgün qura bilərəm?, Yaxud ailədəki insanlarla necə düzgün ünsiyyət qura bilərəm? və s. kimi müraciətlər bu dövrlə bağlı edilmişdir. Lakin, hazırda böyük narahatlığa səbəb yoxdu. Çünkü insan bir yolu ilk dəfə gedəndə təəccüblənir, ikinci dəfə gedəndə yox. Psixoloqların qeydinə görə hazırda qısa müddətli problemlər var ki, bunlar həll edilməlidir. İki mövqe var - mən və biz.  Mən mövqeyini təbii ki, qorumalıyıq amma bunu biz mövqeyi ilə uyğunlaşdırmalıyıq. Öz mənafemizdən nəyisə edəndə digərlərinin mənafeyinə xələl yetirməməliyik. Burada söhbət pandemiyanın tələb etdiyi qaydalara uymaqdan, doğru şəkildə icra etməkdən söhbət gedir. Çünki bu, birinci sosial mühitimiz olan ailə, daha sonra iş yerimiz və digər sosial əhatəmiz üçün labüddür.

İş həyatını əvvəlki forma şəraitdə davam etdiririk, lakin pandemiyanın idman  və media sahəsinə ciddi zərbələr vurub. Xüsusən, futbol yarışları keçirilmədiyinə görə oxucuların idman saytların marağı qismən azalıb. Konkret media sahəsinə gəlincə isə kommersiya reklamlarının azalmasına gətirib çıxarıb. Amma peşəkar media belə durumlara hazır olmalıdır. Sərt karantin rejimi ətrafımızdakı bir çox insanın psixoloji və maddi durumuna ciddi təsir edib. Bunların baş verəcəyi isə gözlənilən idi. Amma karantin rejimi yumşaldıqca bu problemlər də yavaş-yavaş həllini tapmışdır.

Qaydalara riayət etməli, maska taxmalı, sosial məsafə gözləməli və gigiyenik qaydalara əməl etməliyik.

Zərər çəkən sahələrdən biri də restoran sektoru oldu. Bu dövrd bir neçə obyektlər bağlı qaldı. Bu müddət ərzində cəmi bir dəfə əmək haqqı alan əməkdaşlar oldu. Hazırda da vəziyyət ürəkaçan deyil və bir çox yerə müraciətlər olunsa da, iş tapmaq çətinləşib.

Pandemiya dövründə insanların iş həyatı ilə bağlı xaotik bir vəziyyət yarandı. Pandemiya təhsil sektoruna da təsirsiz ötüşmür. Bəzi ailələrdə internet problemlərinin olmasını, informasiya texnologiyalarına aid olan ağıllı telefonların, planşetlər, noutbuklar və s. kimi texnologiyaların bir çox ailələr üçün əlçatan olmadığını üzə çıxartdı. Yəni bunlar istər-istəməz təhsil sektorunda  şagirdlərin təhsil almalarına, eyni zamanda müəllimlərin dərs keçmələrinə maneçilik törədən faktlardır. Ümumilikdə hazırda bir çox insan işsizlik problemi ilə üz-üzədir. İnsanların psixologiyalarında dərin sıxıntı var. Mövcud vəziyyətə adaptasiya olmaları bir az problemlidir. Eləcə də bu vəziyyətdən çıxış zamanı bir sıra çətinliklər olacaq.

Yerli və beynəlxalq layihələrin fəaliyyətində də durğunluq yarandı. Karantin dövründə bu fəaliyyətlər birmənalı dayandırıldı, və ya hər hansı forma ilə əvəz edildi. Fəaliyyəti ictimai təşkilat baxımdan mütəmadi insanlarla görüşmək, onları maarifləndirmək, onlarla müzakirələr aparmaq olan insanlar karantində bir yerdə dayanmaq və virtual aləmə keçməli oldu. Bir nə qədər də onlayn təlimlər keçməyə başlasaq da, maraq və tələb demək olarki əvvəlki canlı ünsiyyəti əvəz etmir.

Bu dövrdə problemlər daha çox şirkətlərdə müşahidə olundu. Çox şirkət onlayn rejimdə çalışmağa öyrəşməmişdi. Birdən bu sistemə keçmək çətin idi amma hazırda artıq alışıblar. Belə deyək hamı onlayn alışın və satışın nə olduğun həm öyrənmiş oldu, həmdə praktiki olaraq onu yaşadı.  Bizneslər çöküş yaşayır və çox şirkət rəhbərləri bilməlidir ki, hər bir çətinlikdən sonra bazarda öz mövqeyin tuta biləcəklər. Pandemiya bitəndən sonra güclü şirkətlər qalib gələcək və işlərin davam edəcək, zəif olan şirkətlər ya məğlub olub bazardan çıxacaqlar, ya da bir təhər işlərin yola verəcəklər.

İlin əvvəlindən heç kim pandemiyanın iş və ümumilikdə həyatımıza bu qədər təsir edəcəyini düşünmürdü. Uyğun olaraq 2020-ci il üzrə iş və şəxsi planlar hazırlanmışdı, o planlar üzrə işlər başlamışdı. Şəraitə uyğunlaşaraq bir müddət sonra fərqinə vardıq ki, artıq bütün bu planları hazırkı şəraitə uyğunlaşdırmağa başlamışıq. Kütləvi tədbirlər ləğv olunur, iclaslar artıq onlayn platformalara köçür, ofis anlayışı yavaş-yavaş həyatımızdan çıxır. Bütün bunlar daha dinamik işləməyə səbəb olur və artıq hər yeniliyi öyrənib, biraz daha gələcəyi görməyə çalışırıq. İş həyatına əsas təsirlərindən biri də suallar arasında qalmağımız olur. Bu layihəni edəcəyikmi, nə vaxt edə bilərik, indiki halda etməyə gərək varmı və s. Bu suallar təkcə iş həyatında olmadı, elə şəxsi həyatda da bu suallar arasında qalan insanlar çox idi. Bu bütün dünyanın müharibəsi oldu. Bütün dünya virusla müharibə apardı və aparır. Çalışmaq lazımdır ki, məlumatları oxuduqca hansısa panikaya düşməyəsən, təbii ki, burda ölkədəki KİV-lərin də rolu var. Nəzərə alsaq ki, hər kəsin psixoloji vəziyyəti eyni olmur, ona görə KİV-lər daha məqsədəuyğun siyasətlə məlumatları çatdırmalı, insanları qaydalara riayət etməyə səsləməlidir.

Panika olmadan və yaratmadan immuniteti gücləndirib qaydalara əməl etsək, normal həyatımıza qayıda bilərik. Bu elə bir prosesdir ki, tək bir şəxsdən asılı deyil,gərək bütün cəmiyyət əməl etsin.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın