Biznesə başlamaq

22.01.2021C&S Group 2172

 

 Ətrafımızda yeni biznesə başlamaq istəyən şəxslərlə söhbətlər zamanı: “Mən öz biznesimi necə başlaya bilərəm?” və ya “Şəxsi biznesə sahib olmaq üçün ideyanı hardan tapmaq olar?” kimi suallarla rastlaşırıq. İlk öncə qeyd etmək lazımdır ki, biznes qurmağın birinci yolu başlamaqdan keçir. Hərəkət, uğurlu biznes qurmağın birinci yoludur. Nəyəsə nail olmaq üçün mütləq nələrisə etmək lazımdır; evdə oturub xəyal qurmaqla biznesə sahib olmaq mümkün deyil. Mütəxəssislər tərəfindən hesab olunur ki, qurmaq istədiyiniz ilk biznesin kapital tutumu az, əmək tutumu çox olmalıdır. Başqa sözlə desək, əgər Siz həyatınızda ilk dəfə bizneslə məşğul olursunuzsa, açacağınız biznesə lazım olan maddi investisiya minimum səviyyədə olmalıdır. Unutmayın ki, birinci biznes üçün kredit almağa dəyməz.  Biznes sizin ciddi fiziki və vaxt resurslarınızı tələb edir. Növbəti açacağınız bizneslərdə vəziyyət tam əksinə dəyişir. Artıq maddi vəsait çox, vaxt az tələb edən işlər qura bilərsiniz. Səbəbi nədir? Səbəbi odur ki, ilk qurduğumuz iş, bizi daha sonra açılacaq bizneslərə həm maddi, həm də mənəvi cəhətdən hazırlayır. Ümumi olaraq yeni açılan biznes üçün ideya tapmağın iki əsas yolu var: xüsusi biliklərdən istifadə etmək və tələbat yüksək olan sektora yönəlmək.

Xüsusi biliklərdən istifadə etmək; bəzən ideya son dərəcə bəsit formada meydana gəlir. Bilirik ki, digər şəxslər bunu belə edir, bu qədər qazanır, deməli, mən onlardan daha yaxşı edib ən az onlar qədər qazana bilərəm. İlk baxışdan bəsit görünsədə,əslində,bu metod mükəmməl işləyir. Çalışdığı sektorla bağlı kifayət qədər dərin informasiyaya malik olan biri, bazarda hansı tendensiyaların necə getdiyini və bu tendensiyalarda istifadə yollarını aydın təsəvvür edə bilir. Bunun nəticəsində də ilk quracağınız biznesi çalışdığınız sektorda qurmaq daha asan olacaq.  Həm digərlərinin yüksək məbləğlə həll etdikləri işləri daha az məbləğlə həll edə biləcək (çünki bu sektorda olan çox insanı tanıyırsız), həm də biznes risklərini minimuma endirə biləcəksiniz (çünki nəyin necə olacağını artıq bilirsiz). 

Tələbat yüksək olan sektora yönəlmək;

  • “mənə bir ideya ver” məntiqi ilə qurulan bizneslər, əlbəttə ki, bir ipdən asılı olur. Əgər Sizin konkret sahəyə biliyiniz yoxdursa, qurulan biznesin risklilik dərəcəsi bir daha artır. Tövsiyə, bir metod deyil, çünki kiminsə verdiyi ideya heç vaxt Sizin ola bilməz. Siz, axı, özünüz üçün biznes düşünürsüz, doğrudur?!
  • “filankəs belə edir” məntiqi ilə qurulan bizneslər də  99%  hallarda uğursuz olur, çünki biznes sahibi yaratdığı biznesin əsas hərəkət verici gücünü başa düşə bilmir. Anlaması üçün vaxt lazımdır, vaxt isə maliyyə gərəkdirir. Yeni biznes qurmaq istəyənin isə pulu heç çox vaxt uzun zaman tələb edəcək qədər olmaya bilir.
  • “mənim əla ideyam var” məntiqi ilə yeni biznes qurulur və məlum olur ki, həmən ideya, əslində, hamıda var. Sadəcə kimlərsə bunu ciddi bilik bazasında aparır, kimlərsə  “səs-küyə” gedir. Əlbəttə, belə məntiqlə olan bizneslərin uğurlu olma şansı son dərəcə aşağıdır.

Hesab edirik ki, ilk qurulan biznesdə ən düzgün prinsip məhz dərinliyə çox getmədən işin icrasında fokuslanmaqdır. Təcrübələr göstərir ki, heç bir güclü şirkət və heç bir güclü sahibkar ilk qurduğu biznesdə dahiyana konsepsiya, dəhşətli ideya hesabına irəli getməyib. İlk biznes spontan yolla, ikinci və ya növbəti biznes inkişafı düzgün riyazi yollarla baş verir. Başqa sözlə desək: “Karvan yolda düzələr” prinsipi, ilk qurulan işlər üçün mükəmməl işləyir. Çox düşünməyin, sadəcə başlayın. Karvan yolda düzələcək!

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın