Fərdi sahibkar öz fərdi sahibkar hesabından fiziki şəxsin bank hesabına köçürmə etməzdən əvvəl hansı öhdəlik və mükəlləfiyyətlərini icra etməlidir?
Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicisinin öhdəlikləri vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2% dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. Sadələşdirilmiş vergi, hesabat rübündən sonrakı ayın 20-dək ödənilməli və bəyan edilməlidir.
Fəaliyyət, gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20% dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Gəlir vergisi isə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq ödənilməli və bəyan edilməlidir.
Göründüyü kimi, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən bank əməliyyatlarından öncə vergi öhdəliyinin icra edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Qeyd edilib ki, vergi ödəyiciləri nağd pul vəsaitlərinin bank hesablarından çıxarılması, digər şəxslərdən qəbulu, kassaya mədaxili və təyinatı üzrə istifadəsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 365 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması Qaydası”nda qeyd olunan tələblərə əməl etməlidirlər.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 96-cı, 149-cu, 218-ci və 220-ci maddələri və Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 365 nömrəli Qərarı.