Dayanıqlı vergi sisteminin qurulması, vergi sahəsində nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və vergi risklərinin aradan qaldırılması qlobal iqtisadi mühitdə həlli vacib olan istiqamətlərdəndir. Xüsusilə, vergi risklərinin təhlili, aradan qaldırılması və onları yaradan halların minimuma endirilməsinə yönəlik metodların tətbiqi müzakirə mövzusudur. Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) Avropa ölkələrinin təcrübəsi əsasında və keçirilmiş sorğulara əsasən vergi risklərinin müəyyən edilməsi ilə bağlı hesabatına görə vergi riskləri sistem riskləri, əməliyyat riskləri, funksional risklər, fərdi və qəsdən yol verilmiş risklər kimi təsnifləşdirilir. Vergi risklərinə daha çox yol verən fəaliyyət sahələri sırasında isə ticarət sektoru ilk yerdədir. Tikinti, banklar və sığorta şirkətləri də qlobal müstəvidə vergi risklərinə yol verən fəaliyyət sahələrindən sayılır. Bunlardan əlavə, lotereya, alkoqollu içki və tütün istehsalı müəssisələrində də riskli əməliyyatların geniş yayıldığı müəyyən edilib.
Vergi risklərinin müəyyənləşdirilməsi və idarə edilməsi üzrə təcrübələr;
Vergi risklərinin müəyyən edilməsi üzrə beynəlxalq sorğuların nəticələrində qeyd edilir ki, bu riskləri qiymətləndirmək üçün əsasən iki üsul tətbiq edilir: kəmiyyətə və keyfiyyətə əsaslanan metodlar. Kəmiyyətə əsaslanan metodla risklərin qiymətləndirilməsi statistik məlumatlar üzrə aparılır, keyfiyyətə əsaslanan metod isə araşdırmaya əsaslanır. Qiymətləndirmədən sonrakı mərhələdə riskin idarə edilməsi prosesi başlayır. Risklərin idarə edilməsi 3 formada aparıla bilər. Bunlar riskin transferi, riskin azaldılması və riskin zərərsizləşdirilməsidir. Risklərin transferi müəyyən edilmiş risklə mübarizə üçün başqa təşkilatın cəlb edilməsidir. Buna misal olaraq ödəniş riskini göstərmək olar. Qanunvericilikdən asılı olaraq, gələcək vergi öhdəliklərinə qarşı vergi ödəyicisindən bank zəmanəti tələb edilir. Bu halda ödənişə nəzarət funksiyası vergi idarəsindən başqa bir təşkilata - banka keçir. Risklərin transferi riskin azaldılması forması kimi qəbul edilir. Bununla belə, risk, başqasının sərəncamında olmasına baxmayaraq, hələ də mövcud olduğundan, onlar riskin zərərsizləşdirilməsinin xüsusi bir forması kimi qəbul edilməlidir.
Vergi riskləri sistem riskləri, əməliyyat riskləri, funksional
risklər, fərdi və qəsdən yol verilmiş risklər kimi təsnifləşdirilir.
Risklərin azaldılması nə qədər yüksək səviyyədə təmin edilərsə, onların nəticələrinin aradan qaldırılmasına yönəlik proseslər də bir o qədər sadə və asan olar. Risklərin azaldılması riskin idarə edilməsinin spesifik bir növüdür. Bu proses bir neçə yolla mümkündür. Bunlar riskə şərait yaradan şəraitin məhdudlaşdırılması, bilərəkdən edilmiş səhvlərin aradan qaldırılmasına kömək etmək və təsadüfən yol verilmiş xətaların azaldılmasıdır. Bu halda vergi ödəyicilərinin maarifləndirilməsi, onlara müvafiq izahatların verilməsi və risklərin yaranmasına qədər olan mərhələdə texniki dəstəyin göstərilməsi tətbiq edilir. “Səhvə yol verməyi çətinləşdirmək” adlandırılan bu prosesin mahiyyəti ondan ibarətdir ki, vergi ödəyicisi vergi risklərinə həmişə bilərəkdən yol vermir. Buna görə də onların vergi orqanları tərəfindən məlumatlandırılması vacibdir. Burada vergi orqanlarının xidmət funksiyası daha qabarıq nəzərə çarpır və o, vergi ödəyicisinə yardım edən tərəf kimi səciyyələnir. Bəzi hallarda isə vergi ödəyiciləri bilərəkdən gəlirlərini aşağı göstərməyə çalışırlar ki, bu halda “səhv etməyi riskli etmək” fikrinə uyğun olaraq məhdudlaşdırmalar tətbiq edilir. Burada vergi orqanlarının nəzarət funksiyası əsas rol oynayır. "Səhv etməyi mümkünsüz etmək" prinsipi isə bilərəkdən və ya bilməyərəkdən yol verilən səhvlərin aradan qaldırılmasını təmin edir. Məsələn, qanunvericilikdən riskli əməliyyata şərait yaradan müddəaların çıxarılması, normativ aktlarda ikili məna daşıyan və çaşqınlıq yaradan halların aradan qaldırılması, xidmətlərin elektronlaşdırılması bəzi risklərin tamamilə aradan qaldırılmasına kömək edir.
Riskin zərərsizləşdirilməsi tədbirləri vergi ödəyicisinin fəaliyyətinin dürüstləşdirilməsinə xidmət edir və vergi orqanları bu halda onlara kömək edir. Bir qayda olaraq, vergi ödəyicisi vergi orqanları ilə birlikdə bu prosesi təcrübədən keçirir. Bəzən vergi ödəyiciləri bir neçə uyğunsuzluğa yol verirlər. Bu zaman bəzi hallarda cüzi maddi məsuliyyət yaradan risklər nəzərə alınmır. Risklər dərəcələrindən asılı olaraq təsnifatlaşdırılır. Buna mütənasiblik prinsipi deyilir. Lakin istənilən halda ümumiləşdirilmiş formada qeyd edilən bu metodlar ölkələrin qanunvericiliyi, iqtisadi şəraiti və vergi sisteminə uyğun olaraq tətbiq edilir. Fərqli vergi sistemlərində riskləri azaltmaq üçün müxtəlif yanaşmalar mövcuddur.
Riskli vergi ödəyicisi – Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara
cavab verən, o cümlədən, əmtəəsiz və ya riskli əməliyyatlar aparan şəxsdir
1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə əmtəəsiz əməliyyat və riskli vergi ödəyicisi anlayışları daxil edilib. Riskli vergi ödəyicisi – Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən, əmtəəsiz və ya riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilir. Vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması, fəaliyyət növünə uyğun olmayan malları vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim etməsi, vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda, beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər riskli vergi ödəyicilərinə aid edilir. Vergi ödəyicisinin apardığı bir sıra əməliyyatlar mövcud qanunvericiliyə əsasən riskli hesab edilə bilər. Vergi ödəyicisinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi müəyyən edildikdə və vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə bunlar riskli əməliyyatlar kateqoriyasına daxil edilir. Riskli vergi ödəyiciləri barədə məlumatın kommersiya və ya vergi sirri olmayan məlumat hesab edilməsi, onlara münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılmaması, riskli vergi ödəyicilərinin hüquqi şəxs təsis etmək hüququnun qanunvericiliklə məhdudlaşdırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Ümumiyyətlə, son illər vergi sistemində həyata keçirilən islahatlar, “kölgə iqtisadiyyatı”nın minimallaşdırılması istiqamətində reallaşdırılan siyasət, haqsız rəqabətin qarşısının alınması, əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, leqal fəaliyyətin stimullaşdırılması mexanizmlərinin tətbiqi ilə bağlı görülən işlər sürətləndirilib. Davamlı iqtisadi inkişafa xidmət edən vergi islahatları şəffaf fəaliyyətin təmin olunduğu biznes mühitində daha səmərəli nəticələr verir. Bu səbəbdən də qeyri-leqal fəaliyyətə və vergi risklərinə qarşı nəzarətin gücləndirilməsi davamlı prosesdir və bu sahədə tətbiq edilən mexanizmlər təkmilləşdirilir.