Konsaltinq şirkətləri

14.12.2020C&S Group 3295

 

“Consulting” nədir? Məsləhətçi-konsultantlar hansı problemləri həll edir?

İngilis və alman dillərindəki “consulting” sözü latınca konsultasiya, məsləhət, məsləhətçi anlamını verən “consultatio” sözündən yaranmışdır. Sovet dönəmində başqa alınma terminlər kimi “konsaltinq” termini də ideoloji səbəblərdən qadağan edilmişdi. Faktiki olaraq məsləhətçi-konsultantların işini araşdırma institutları yerinə yetirirdi, onların da başlıca devizi “elmi istehsalata!” şüarı idi. Sosializm iqtisadiyyatının bazar relsi üzərinə keçməsi ilə “menecment”, “marketinq” və bunlarla yanaşı “konsaltinq” kimi anlayışlar yaranır.

Bəzi tədqiqatçılar konsaltinqi, məsləhət vermə sənəti hesab edir və haqlı olaraq konsaltinqi idarəetmə sənətinin xüsusi növünə aid edir. Onlar, insanlarla işləyərkən həll edilə bilməyən problemləri uğurla həll edən, faktların kompleks analizini aparıb orijinal, qeyri-standart həllini tapan məsləhətçilərdir.

Məsləhət vermə sənəti başqa yaradıcılıq işləri ilə doğmalıq, uyğunluq təşkil edir, buna görə də konsultant öz işində virtuaz olmalıdır. Onun verdiyi məsləhətlər bizim özəl həyatımızın bütün problemləri üzrə “adi məsləhətlərdən” seçilir. İdarəetmə konsaltinqi sahəsinin mütəxəssisləri, yəni konsultantlar yalnız özəl diaqnostika apardıqdan – məsləhətləşən təşkilatda yaranmış vəziyyətin səbəblərini analiz etdikdən sonra öz peşəkar məsləhətlərini verir. Konsultasiya yardımının başlıca forması konsaltinq layihəsidir.

İndiki dövrdə konsaltinq xidmətləri xüsusilə aktualdır. Əvvəllər inkişaf edən müəssisələrdə şaquli əlaqələrin üstünlük təşkil etdiyi sabit, iyerarxiyalı  təşkilat  strukturu  kimi cəhətlər indi nöqsan kimi  dəyərləndirilir,  çünki  sərt, inersiyalı struktur bazar tələbində yaranan dəyişikliklərə dərhal reaksiya verməyə imkan vermir. Bazar vəziyyətində baş vermiş dəyişikliklərə müəssisənin məhz tez bir zamanda uyğunlaşması rəqabət mübarizəsində başlıca vasitə hesab edilir. Daim dəyişən şərtlərə tab gətirmək və uyğunlaşmaq üçün müasir qurumlar öz strukturunu və işin təşkilini, iş dünyasının fəaliyyət strategiyasını və taktikasını davamlı şəkildə dəyişmək məcburiyyətindədir. Qeyri müəyyənlik və sərt rəqabət şəraitinə tab gətirmək üçün müasir qurumlar kompleks tədbir və üsullardan yararlanmalıdır. Həmin kompleks tədbir və üsullardan biri, baş vermiş problemlərin həll edilməsi üçün daxili konsultantların - yaranmış çətinlikdən çıxış yolu tapmağa yardım edən mütəxəssislərin cəlb edilməsidir. Təşkilatı problemləri həllində bir çox hallarda kənardan mütəxəssislərin cəlb edilməsi iqtisadi cəhətdən daha faydalı sayılır, belə ki, gecikdirmə halı çox vaxt rəqabətə davamlılıq cəhətinin itirilməsinə gətirib çıxara bilər. Bu isə nəticə etibarı ilə həm istehsal olunan məhsula dair tələbata və təbii ki, ondan əldə edilən gəlirə təsir edir.

Qərbdə konsaltinq xidmətlərinin müasir siyahısı 1950-60-cı illərdə yaranmışdır; həmin dövrü bəzən “konsaltinqin qızıl əsri” adlandırırlar. XXI əsrin başlanğıcında məsləhət vermə anlayışını açıqlayan yetərincə çox təriflər formalaşmışdır. Bunlardan bəziləri aşağıdakılardır;

Konsultasiya – maraqlı olan təşkilatın problemlərinin araşdırılıb və həll edilməsi istiqamətində müəyyən ixtisaslı müstəqil şəxs tərəfindən göstərilən xidmətdir;

Konsaltinq – mütəxəssisin müştəriyə öz xüsusi bilik və təcrübəsini, bacarıq və səriştəsini təqdim etməsi prosesinə deyilir;

Məsləhətvermə – rəhbərlərə, sahibkarlara və mütəxəssislərə qeyri-standart problemlərin həllində peşəkar köməkliyin göstərilməsidir;

Konsaltinq – əsas məqsədi müştərinin problemlərini və konkret sahəni nəzərə almaqla inkişaf perspektivlərinin analizi və əsaslandırılmasından, həmçinin elmi-texniki və təşkilati-iqtisadi innovasiyalardan ibarət olan  intellektual fəaliyyət növüdür və.s

Beləliklə, faktiki olaraq konsaltinq – müəssisə qarşısında dayanan problemlərin həllində kənar konsultantlar tərəfindən istənilən yardımın göstərilməsidir. Bununla belə konsaltinqin başlıca məqsədi müəssisənin idarə edilməsi keyfiyyətinin, bütövlükdə onun fəaliyyətinin effektivliyinin və hər bir işçinin fərdi əmək səmərəliliyinin yüksəldilməsindən ibarətdir.

Konsultant aşağıda göstərilmiş alqaritmi yerinə yetirmək şərti ilə məsələni uğurla həll edə bilər:

  • sifarişçi-təşkilatın qarşısında duran problemlərin diqqətlə araşdırılması və üzə çıxarılması;
  • praktiki zəmanətin təşkilati dəyişikliklər layihəsi formasında yaradılması;
  • informasiya texnologiyaları sahəsində düzgün strategiyanın seçilməsi;
  • müəssisənin fəaliyyət praktikasında konsaltinq layihəsinin tətbiq edilməsi.

Müəssisədə aparılan  ilkin  yoxlamaya dayanaraq  konsultant  hər bir bölmənin çözməli olduğu məsələlərlə, yəni işçilər arasında öhdəliklərin bölüşdürülməsi, işçilərin bölmələrə görə paylanmasıyla bağlı məsləhətlər verə bilər. Müəssisədə yaranmış durumun çətinliyindən asılı olaraq konsultantlar təkbaşına, ya da komanda şəklində çalışa bilər.

Artıq xaricdə olduğu kimi Azərbaycanda da konsaltinq xidmətləri daxili və kənar konsultantlar tərəfindən göstərilir. Onların fərqi bundan ibarətdir ki, kənar konsultantlar maraqlı olan təşkilat tərəfindən yalnız konkret sifarişin yerinə yetirilməsi üçün çağırılır, daxili konsultantlar isə təşkilatın ştatda olan işçiləridir. Kənar konsultantlar ümumi problemlər və idarəetmə prinsipləri ilə məşğul olan ekspertlər, yəni  universallar  və  həm təşkilatın özündə, həm də xalq təsərrüfatı sahəsində daim yaranan konkret problemlərin həlli ilə məşğul olan mütəxəssislər qrupuna bölünür.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın