Insan Resurslarının idarə edilməsi

10.08.2020C&S Group 8362

 

 

İnsan resurslarının idarə edilməsinin əsas məqsədi müəssisədə məhsuldarlığın artırılması və əmək şəraiti keyfiyyətinin yüksəldilməsi ilə rəqabət üstünlüyünün təmin edilməsidir. Bu məqsədə nail olmaq üçün müəyyən şərtlərin yerinə yetirilməsi vacibdir.

İnsan resursları idarəsinin funksiyalarına planlaşdırılma, kadrlaşdırılma, təlim, karyera idarəsi, əmək fəaliyyətinin idarəsi, əmək haqqının idarəsi, insan resurslarının mühafizəsi və insan resursları kargüzarlığı daxildir.

İnsan resurslarının planlaşdırılması:

İnsan resurslarının idarə edilməsi prosesi insan resurslarının planlaşdırılması funksiyası ilə başlayır. Bu funksiya ilə müəssisənin gələcək illər üçün insan resursları ehtiyacı müəyyən olunur. Başqa sözlə, insan resurslarının planlaşdırılması gərəkli sayda uyğun əməkdaşın ehtiyac yarandığı zamanda uyğun vakansiyaya yerləşdirilməsini təmin etmək məqsədilə təşkilatın insan resursları ehtiyaclarının müəyyənləşdirilməsi prosesidir

Bu funksiya insan resurslarının digər funksiyaları ilə zəncirvari şəkildə bağlıdır. Belə ki, insan resurslarının kadrlaşdırılması funksiyası çərçivəsində nə qədər namizədin işə qəbul edilməli olduğu,  gələcəkdə nə qədər işçinin təlimləndirilməli olduğunu müəyyən etmək üçün planlaşdırma zamanı müəyyən edilən say böyük bu funksiya ilə müəyyən olunur.

İnsan resurslarının planlaşdırması bir proses kimi həyata keçirilir və bir neçə mərhələni əhatə edir:

-      məlumatların toplanması və mövcud olan vəziyyətinin təhlili;

-      insan resursları ehtiyacının müəyyənləşdirilməsi;

-      insan resursları ehtiyacının qarşılanması üçün fəaliyyət planının hazırlanması və tətbiq edilməsi;

-      seçilmiş fəaliyyət planının qiymətləndirilməsi və ona nəzarət.

Planlaşdırılma prosesi qısa, orta və uzun müddət üçün aparıla bilər və insan resursların planlaşdırılması təşkilatın məqsəd və strategiyasından asılı olduğuna görə onlara uyğun şəkildə hazırlanmalıdır.

İnsan resurslarının kadrlaşdırılması:

Təşkilatlarda insan resursları şöbəsinin ən mühüm vəzifələrindən biri kadrların təmini, seçimi və yerləşdirilməsidir. İnsan resursları təşkilata istiqamət verərək onu uğura da, uğursuzluğa da apara bilər. Təşkilat üçün işçi ehtiyacı təşkilatın yeni qurulduğu dövrdə, işdən çıxan olanda, başqa şirkətə transfer olduqda, başka vəzifəyə keçdikdə, təqaüdə çıxdıqda, şirkətin böyüdüyü zaman və s. hallarda boşalan yerlərin doldurulması zamanı ortaya çıxır. Yaranmış yeni vakansiyaları həm təşkilatın daxilində olan resurslar arasından, həm də təşkilatın xaricində olan insan resurslardan təmin etmək olar. İnsan resurslarının kadrlaşdırılması prosesində ilk növbədə müəssisənin ehtiyacı olan əməkdaşları tapmaq üçün namizədlər bazası formalaşdırılır. Burada əsas nüans bazanın keyfiyyətli şəkildə formalaşdırılması və tələb olunan keyfiyyətlərə malik namizədlərin seçilməsinə və yerləşdirilməsinə nail olmaqdır.

İnsan resurslarının kadrlaşdırılması prosesində işçi ehtiyacının təmin edilməsinin iki yolu vardır

-      daxili resurslar hesabına insan resurslarının təmin edilməsi dedikdə mövcud işçilər hesabına vakant yerlərin doldurulması nəzərdə tutulur;

-      xarici resurslar hesabına isə müəssisə xaricində əmək qabiliyyətli və işləmək istəyinə sahib olan bütün insanlar nəzərdə tutulur.

 

İnsan resurslarının əmək fəaliyyətinin idarə olunması:

İnsan resursları performansının idarə edilməsi funksiyası insan resurslarının əmək fəaliyyətinin planlaşdırılması, analiz edib qiymətləndirilməsi, mükafatlandırılması və inkişaf etdirilməsi məqsədilə həyata keçirilir. Bu funksiyanın əsas məqsədi əvvəlcədən müəyyənləşdirilən standartlar və meyarlar əsasında səmərəliliyi artırmaq və müəyyənləşdirilən standartlara uyğun olmayan namizədlərin təlim ehtiyaclarını müəyyən etməkdir. Müəssisənin burda əsas məqsədi gözlənilən məhsuldarlıq və işçilərin səmərəliliyini ən yüksək səviyyəyə yüksəltməkdir. İnsan resurslarının kadrlaşdırılması mərhələsində seçdiyimiz namizədlərin həqiqətən müvəffəq olub olmadığını performans qiymətləndirməsi vasitəsilə ortaya çıxara bilərik. Buna görə də performansın idarə edilməsi sisteminin həm performansı qiymətləndirilənlər, həm performansı qiymətləndirənlər, həm də təşkilat üçün böyük əhəmiyyəti vardır. Peformans qiymətləndirilməsinin işçilər üçün əhəmiyyəti bundan ibarətdir ki, işçilər müəssisənin onlardan nə gözlədiyini, nə tələb etdiyini və performanslarının necə qiymətləndirilməsi haqqında məlumat sahibi olurlar və bundan əlavə qiymətləndirmə nəticəsində işçilər özlərinin güclü və inkişaf etdirilməli tərəfləri haqqında məlumat əldə edirlər. Performans qimətləndirilməsinin təşkilat üçün əhəmiyyəti isə ondan ibarətdir ki, təşkilatların təqdim etdiyi xidmət və istehsal etdikləri məhsulların keyfiyyəti yüksəlir və işçilərin təlim ehtiyacları və müəssisənin təlim büdcəsi daha rahat bir şəkildə müəyyən olunur.

İnsan resurslarının təlimi:

Müəssisələrdə keçirilən təlimlər sadəcə müəyyən bir dövrdə deyil, davamlı şəkildə həyata keçirilməlidir. Qloballaşan dünyada baş verən dəyişikliklərin artması rəqabətin əhəmiyyətini artırmışdır. Buna görə də müəssisələrin təlim və inkişaf proqramlarına olan marağı gündən-günə artır. İnsan resurslarının təlimi funksiyasında mövcud işçilərin daha səmərli işləməsi, işçilərin performanslarının yüksəldilməsi, bilik və bacarıqlarının artırılması üçün müxtəlif təlim proqramları tətbiq olunur.

İnsan resursları karyerasının idarə olunması:

Hər bir insanın həyatında karyeranın böyük əhəmiyyəti vardır. İnsan resursları karyerasının idarə edilməsi müəssisənin gələcəkdə ehtiyacı olan insan resurslarının yetişdirilməsi ilə bağlı həyata keçirdiyi fəaliyyətlər toplusudur. Müəssisədə karyeranın idarə edilməsi zamanı ilk növbədə işçilərin karyera yolları müəyyən olunur və bundan sonra müəssisə daxilində işçilərin performansı qiymətləndirilir. Əgər performans qiymətləndirmənin nəticəsi müsbətdirsə, işçilərin müəssisə daxilində daha yüksək vəzifəyə təyin olunması müzakirə olunur və həmin işçilərə karyeranın inkişaf etdirilməsi üçün məsləhətlər verilir. Karyeranın idarə edilməsi müəssisədə olan  bütün işçilərə üfüqi və şaquli olaraq yüksəlmə imkanı verir. Bu yolla işçi istədiyi sahədə karyera qurma imkanına sahib olur.

İnsan resurslarının əmək haqqı sisteminin idarə olunması:

İstehsal amillərindən biri əmək amilidir. Əmək amili digər cansız amilləri hərəkətə gətirərək insanların tələbatını ödəmək üçün lazım olan məhsul və ya xidmətlər istehsal edir. Şirkətlər əmək sərf edənə, yəni işçiyə müəyyən haqq ödəyirlər. İşləyənə ödənilən bu haqq əmək haqqı adlanır. İnsanın özünə peşə seçməsi və ya işə girməsinin əsas səbəblərindən biri sözsüz ki, əmək haqqıdır. Bir çox hallarda əmək haqqı pulla ifadə olunur.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində əmək haqqı bu şəkildə tərif edilmişdir: “Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənişlərin məcmusudur”

Müəssisələrdə işçilərin əməyi iki formada ödənilir:

-      əmək haqqı forması faktiki işlənilmiş iş vaxtının miqdarına görə işçilər üçün hesablanılan əmək haqqıdır;

-      işəmuzd - əmək haqqı forması isə istehsal olunan məhsulun miqdarının və keyfiyyətinin ayrı-ayrı işçilərin fəaliyyətindən asılı olan sahələrdə tətbiq olunur. Bu sahələrdə işçilərin aldıqları haqq işin miqdar və keyfiyyətindən, iş vahidinin qiymətindən asılı olur. Əməyin işəmuzd ödənilmə formasında əməyin ölçüsünü işçinin gördüyü işin həcmi təşkil edir. Ona görə də onun aldığı əmək haqqı birbaşa istehsal etdiyi məhsulun kəmiyyəti və keyfiyyətindən asılı olur.

 

İnsan resurslarının mühafizəsi:

İnsan resurslarının mühafizəsi işçilərin təhlükəsiz və sağlam əmək şəraitində işləməsini ifadə edir. Mühafizə funksiyası istehsalat qəzalarına və peşə xəstəliklərinə qarşı işçiləri qorumaq üçün tətbiq edilən fəaliyyətlərin məcmusudur. İnsan resurslarının mühafizəsi prosesində əsas məqsəd işçinin təhlükəsiz əmək şəraitində işləməsini və işə görə işçinin sağlamlığına hər hansısa bir zərər gəlməməsini təmin etməkdir.

İnsan resursları kargüzarlığı:

İnsan resurslarının informasiya sistemi müəssisənin insan resurslarına aid olan bütün zəruri məlumatları özündə ehtiva edən bir sistemdir. Bu sistem vasitəsilə işçi heyətinə aid olan məlumatlar yaradılır, emal edilir, toplanılır və ehtiyac yarandığı zaman istifadə üçün təqdim edilir. Kargüzarlıq təşkilatın, öz vəzifələrini həyata keçirməsi ilə əlaqədar sənədləşdirmə və sənədlərlə işin təşkili üzrə fəaliyyətidir. İnsan resursları idarəçiliyində kargüzarlıq fəaliyyətləri isə sadəcə bu sahəyə aid olan sənədləşmələrin aparılması prosesidir.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın