"İcarə haqqında" Azərbaycan Respublikası qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən icarəyə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə əməliyyatının bütün şərtləri məhz icarə müqaviləsi ilə tənzimlənir. Vergi ödəyicisi olmayan fiziki şəxslərin icarə verdikləri əmlaklarla bağlı öhdəliklərinə aydınlıq gətirək. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyə verənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək, müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyə verənə qaytarmaq vəzifəsi.
Fərz edək ki, vergi orqanında vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs mülkiyyətində olduğu qeyri-yaşayış sahəsini fərdi sahibkara və ya hüquqi şəxsə icarəyə verir. Bu halda icarə müqaviləsinin bağlanmaması nəticəsində hər iki tərəfin üzləşə biləcəyi riskləri nəzərdən keçirək.
Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından Vergi Məcəlləsinin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 % ilə vergi tutulur. Digər tərəfdən, Vergi Məcəlləsinin 92-ci maddəsinə əsasən, ödəmə mənbəyində gəlirdən vergi tutmadan həmin məbləği ödəyən hüquqi şəxslər və onların müvafiq işçiləri və ya fiziki şəxslər verginin tutulmamasına və büdcəyə köçürülməməsinə görə bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, bu pozuntuya yol verən vergi ödəyicisi azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 % miqdarında maliyyə sanksiyası ilə üzləşə bilər. Əlavə olaraq, Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 % məbləğində faiz tutulur.
Nəhayət, icarə müqaviləsi olmadan vergi ödəyicisi öz təsərrüfat subyektini vergi orqanında uçota ala bilməyəcək və buna görə də Vergi Məcəlləsinin 58.2-1 maddəsinə əsasən 400 manata qədər sanksiya ilə üzləşə bilər.
Əmlakı icarəyə verən tərəfin məsuliyyətinə gəlincə, təəssüf ki, bu hallarda ona qarşı qanunda heç bir sanksiya nəzərdə tutulmayıb. Əslində icarə müqaviləsinin tərtib edilməməsinin özü icarəyə verən tərəf üçün ən böyük cəza olduğunu demək olar, çünki onun hüquqlarını icarə əməliyyatında qoruyan yeganə sənədi imzalamaqdan imtina edərək, o həmin hüquqların icra edilməsini böyük bir risk altına qoyur. İcarəçi onun obyektini yararsız hala gətirdikdə aylarla ona icarə haqqını ödəmədikdə, onun tələbi ilə obyekti boşaltmadıqda həmin icarəyə verənin müraciət edəcəyi istənilən qurum ondan birinci növbədə icarə müqaviləsini tələb edəcək. Belə müqavilə mövcud olmadıqda isə onun icarəçiyə qarşı irəli sürdüyü iddianın da heç bir əsası olmayacaq.