“Özünüz haqqında məlumat verin”- bu suala necə cavab verək? Bu sual iş axtaranın ünsiyyət bacarıqlarını yoxlamaq üçün nəzərdə tutulduğundan kortəbii şəkildə cavab vermək risklidir. Özünü düzgün təqdim etmək müsahibənin əsas mərhələsi olub, müsahibə götürənləri bu mövqeyə ən ideal namizəd olduğunuza inandırmaq üçün əla fürsətdir.
“Microsoft”da 14 il işləmiş, hal-hazırda isə rəhbər işçilərin məsləhətçisi kimi fəaliyyət göstərən Sabina Nevaz öz müştərilərini ilk növbədə məhz bu suala hazırlayır.
Namizəd müsahibə zamanı özü haqqında məlumatlandırarkən vəziyyətə nəzarəti öz əlində saxlayır və karyerasının yeni işəgötürən üçün xüsusilə vacib olan tərəflərini daha yaxşı vurğulaya bilir.
İlk növbədə tipik səhvlərə yol vermək olmaz. Müsahibiniz, yəqin ki, CV-nizi oxuyub, odur ki, yenidən məzmununu təkrarlamayın. İşəgötürmə üzrə sabiq menecer və müştəriləri əmək haqqı barəsində danışıqlara hazırlayan Coş Dudi xəbərdarlıq edir:
“Filan cür təcrübəyə malik olmaq, filan ali məktəbdə təhsil almaq, filan-filan sertifikatlara sahib olmaq, filan qeyri-adi layihələr üzərində işləmək kimi məlumatlar kifayət etməyəcək. Vakansiya üçün müraciət edənlərin çoxu bu barədə danışır. Biz isə instinktiv olaraq CV-də qeyd olunanların hamısını sadalamağa başlayırıq”.
HR-menecerin müsahibədə verməli olduğu suallar hansılardır?
Əgər ən yaxşı namizədi işə götürmək istəyirsinizsə, onlara özlərini ifadə etməyə şərait yaradın. İş müsahibələrinin əsas məqsədi namizəd haqqında mümkün qədər çox məlumat öyrənmək və onunla uzunmüddətli ünsiyyət qurmağın məqsədəuyğun olub-olmadığını müəyyən etməkdir. Bu isə həmişə alınmır, çünki müsahibələr bir qayda olaraq standart plan üzrə keçirilir. Dialoq konstruktiv olmur və nəticədə namizədin potensialı tam görülmür.
Problem bundadır ki, müəssisələrin nümayəndələri də hər zaman düzgün sual vermir. Hər kəs internetdə “müsahibədə verilə biləcək ən çətin suallar”ın siyahısını tapıb “doğru” cavabları əzbərləyə bilər. HR-ın qarşısında gerçək insan deyil, uydurma personaj durur. Gözəl, bəlağətli danışan şəxslər HR-menecerin nəzərində ən münasib namizəd olur. Bəzən həmin namizədlər vakant vəzifəyə uyğun gəlmir. Aparılan araşdırma göstərib ki, orta hesabla beş yeni işçidən sadəcə biri, 19% əməkdaş iş yerində uğur qazanır.
Cudit Hamfri lüzumsuz informasiya əvəzinə özünüz haqqında bir arqument ətrafında hekayə qurmağı tövsiyə edir. Dəliliniz olması üçün üç fakt da tapmalısınız. Məsələn:
“Əminəm ki, yaxşı təşəbbüskarlıq bacarığına sahibəm. Bu sahədə çox təcrübəm var. Bu vəzifə ilə maraqlanıram, çünki bu, bacarıqlarımı inkişaf etdirməyə imkan verəcək”.
Digər namizədlərdən seçilmək üçün müsahiblərinizi inandırmalısınız ki, sizin gəlişiniz əmək kollektivinin effektivliyini artıracaq. Gələcək komandanızın hansı məsələləri həll etdiyini əvvəlcədən araşdırın və menecerlərin eşitmək istədiklərini danışın. Özünüz haqqında çox şey danışsanız belə bu , bilavasitə iş kollektivinin məqsəd və tapşırıqları ilə bağlı olduğu üçün həmsöhbətinizi yormayacaq. Hekayənizin əsas ideyasını izah edərək ilk növbədə nəyə önəm verdiyinizi müsahibinizə göstərirsiniz.
Vəzifəniz yalnız tərcümeyi-halınızı sadalamaq deyil, özünüz haqqında əlaqəli bir hekayə söyləməkdir. Bunun üçün əvvəlcədən hazırlaşmalısınız. Yaxşı bir hekayə danışmaq üçün özünüzdən ilk növbədə hansı karyera nailiyyətlərinizə görə fəxr etdiyinizi və bu uğurların güclü tərəflərinizi necə vurğuladığını soruşun. Bu keyfiyyətlərdən hansı gələcəkdə sizin üçün faydalı olacaq?
“Hər kəs ağıllı, işgüzar olduğunu və məqsədlərinə çatmağı bacardığını söyləyəcək. Bunun əvəzinə özünəməxsus xüsusiyyətlərinizi, sizi başqalarından fərqləndirən unikal keyfiyyətlərinizi bizə danışın”, — deyə Sabina Nevaz məsləhət görür. Bu xüsusiyyətlər niyə yeni işiniz üçün bu qədər vacibdir? Şirkət bu vəzifəyə niyə işçi axtarır? Bunları başa düşmək vacibdir. “Əslində müsahibədə səndən soruşulur: “Bizə necə kömək edə bilərsən?”. Qabaqcadan hazırlaşmısansa, gələcək işəgötürənə niyə lazım olduğunu artıq bilirsən”, — Coş Dudi bildirir.
Bu hazırlıq nəyə gərəkdir? Dudi vəzifənin təsvirini diqqətlə öyrənməyi, şirkət barədə məlumatları internetdə araşdırmağı, gələcək həmkarlarınızın bloqlarını və ya videolarını axtarmağı məsləhət görür. “Məqsədiniz şirkətin nə ilə məşğul olduğunu, hansı məqsədləri həyata keçirdiyini, onlara çatmaq yolunda hansı çətinliklərlə qarşılaşdığını anlamaqdır”, — deyə vurğulayır.
Uğurlarınız barədə daha çox nümunəni necə toplamaq olar? “Müştərilərimə müsahibədən əvvəl həmkarları, tərəfdaşları, dostları ilə danışmağı tövsiyə edirəm. Onlar unuda biləcəyiniz maraqlı hadisələri xatırlamağa kömək edəcəklər”, — Nevaz təklif edir.
Müsahibə zamanı uzunçuluq etməyin. “Dinləyicilərin marağını itirməmək üçün hekayənizin təxminən bir-iki dəqiqəlik olmasına səy göstərin. Qısa müddətdə bütün vacib şeyləri söyləmək çətindir, ancaq çox uzatsanız cavabınız monoloq kimi görünməyə başlayacaq”, — Cudit Hamfri qeyd edir. Əlbəttə, dinləyicilərin sizi nə qədər maraqla dinlədiklərini anlamaq üçün inkişaf etmiş bir emosional zəka tələb olunur. Onların əhvalını hiss etməyə çalışın. Müsahiblərinizin fikrinizin əsas məğzini dəqiq anlamaları zəruridir. “Hər şey haqqında” rabitəsiz nitq namizədin özü haqqında tam və dolğun təsəvvürünün olmadığına işarət edir.