Hansı sahibkarlar cari vergi arayışı təqdim etməlidir?

20.10.2021C&S Group 1386

 

Hansı sahibkarlar cari vergi arayışı təqdim etməlidirlər?

Hazırda rüblük hesabatların təqdim edilməsi davam edir. Eyni zamanda “Cari vergilərin hesablanması haqqında Arayış" da aktualdır.

Vergi Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra on beş gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər.

Burada diqqət olunası məqam maddənin əvvəlində qeyd olunan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən arayışın təqdim olunmasıdır. Bəs hüquqi şəxslər və fərdi sahibkarlar kimlərdir?

Fərdi sahibkar sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, hüquqi şəxs isə Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlardır.

Mülki Məcəllənin 43.2-ci maddəsinə əsasən, hüquqi şəxslər bir fiziki və ya hüquqi şəxs tərəfindən yaxud fiziki və hüquqi şəxslərin toplusu tərəfindən yaradıla bilər, üzvlüyə əsaslana bilər, üzvlərin olmasından asılı ola və ya asılı olmaya bilər, sahibkarlıq fəaliyyəti ilə məşğul ola və ya məşğul olmaya bilər.

O zaman qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (Vergi Məcəlləsinin 99.3-cü maddəsində qeyd olunan fəaliyyətlərlə məşğul olan) və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi şəxslər "Cari vergilərin hesablanması haqqında Arayış"ı verməlidirlərmi?

Vergi Məcəlləsinin 151.1-ci maddəsində deyildiyi kimi, cari hesablamanı yalnız hüquqi şəxslər və fərdi sahibkarlar aparmalıdırlar. Göründüyü kimi, qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin "Cari vergilərin hesablanması haqqında Arayış"ı təqdim etmələri qanunvericilikdə nəzərdə tutulmayıb. Yəni, "Cari vergilərin hesablanması haqqında Arayış"ı bütün hüquqi şəxslər və yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər təqdim etməlidirlər.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın