Hansı halda vergi ödəyicisinin öncəki dövrlər üzrə vergi borcu nəzərə alınır?

19.10.2022C&S Group 765

 

Təcrübədə vergi ödəyicisinin uçota alındığı dövrdən öncə də gəlirlərinin olduğu hallara rast gəlinir və bu zaman müəyyən suallar yaranır.

1 yanvar 2022-ci ildə Vergi Məcəlləsinin 83.1-ci maddəsinə əlavə edilmiş ikinci hissədə göstərilir: “Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla, vergi ödəyicisinin vergi orqanında uçota alındığı tarixədək əldə etdiyi gəlirləri, o cümlədən, xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər həmin gəlirlərin aid olduğu hesabat dövrləri üzrə ayrılıqda hesablanaraq vergi orqanı tərəfindən vergi orqanının uçot sənədlərində qeyd edilir. Vergi ödəyicisinin xaricdən əldə etdiyi gəlirləri üzrə vergilər hesablanarkən bu Məcəllənin 127-ci maddəsinin müddəaları nəzərə alınır”.
Yeni dəyişiklik nəticəsində vergi orqanı vergi ödəyicisinin uçota alındığı tarixədək əldə etdiyi gəlirləri, o cümlədən
, xaricdən əldə etdiyi gəlirləri üzrə vergilərin həmin gəlirlərin aid olduğu hesabat dövrləri üzrə ayrılıqda hesablanmasını həyata keçirə bilir.

Misal 1: Fərdi sahibkar olan vergi ödəyicisi 14 fevral 2022-ci il tarixdə vergi orqanlarında uçota alınarkən məlum olur ki, vergi ödəyicisinin sahibkarıq fəaliyyətindən gəlirləri 5 iyul 2021-ci il tarixdən mövcuddur. Vergi ödəyicisinə 14 fevral 2022-ci il tarixdə VÖEN verilməsinə baxmayaraq, bu halda şəxsi hesab vərəqəsinin başlanma və vergi öhdəliklərinin bəyan edilməsi tarixi 2021-ci ilin üçüncü rübündən hesablanacaq.

Misal 2: Vergi ödəyicisi 23 fevral 2022-ci ildə uçota alınıb, ancaq onun beş ildir sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. Bu halda vergi orqanı yalnız üç il öncəki dövrlərə aid vergiləri hesabat dövrləri üzrə ayrılıqda hesablayacaq. Çünki Vergi Məcələsinin 83.1-ci maddəsinə əsasən, Məcəllənin 85.4-cü maddəsində göstərilən müddətlər nəzərə alınmalıdır.

Qeyd edək ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra üç il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra beş il ərzində tutmaq hüququna malikdirlər.

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın