Hansı halda kameral vergi yoxlaması keçirilə bilməz?

07.12.2021C&S Group 1258

 

Bəzən vergi ödəyicilərinin kameral vergi yoxlamalarının müddətləri ilə bağlı sualları yaranır.

Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə, bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.

Vergi Məcəlləsinin 37.2-1-ci maddəsində isə göstərilib ki, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş (diqqət edin, kameral uyğunsuzluq məktubu yox, məhz bildiriş) göndərir.

Vergi Məcəlləsinin 72-ci maddəsi isə vergi bəyannamələrinin (o cümlədən dəqiqləşdirilmiş bəyannamələrin) tərtib və təqdim edilməsi qaydalarını tənzimləyir. Məcəllənin 37.2-ci maddəsinin diqqət yetirilməli əsas məqamı bu maddənin ikinci cümləsidir. Həmin cümləni bir daha və diqqətlə nəzərdə keçirək:

Vergi Məcəlləsinin 37.2-ci maddəsinin 2-ci cümləsində qeyd edilib ki, bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə, bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Yəni, kameral vergi yoxlaması üçün nəzərdə tutulmuş 30 iş günü keçdikdən sonra verilmiş cari bəyannamələr və bildiriş üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamələr üzrə yenidən kameral yoxlama keçirilə bilməz.

Burada daha bir diqqət olunmalı məqam vardır. Vergi ödəyicisi təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamənin “Ümumi məlumat” bölməsində vergi orqanı tərəfindən kənarlaşmanın aşkar edilməsi barədə göndərilmiş bildirişin nömrəsini qeyd etməlidir. Əks halda vergi orqanı dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən 30 iş günü müddətində kameral vergi yoxlaması keçirmək hüququnu bərpa etmiş olur.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın