Hansı hüquqi şəxslər əmlak vergisi ödəməkdən azaddırlar?
Vergitutma obyekti olan rezident müəssisələr və respublikada özünün daimi nümayəndəliyi vasitəsi ilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr əmlak vergisinin ödəyiciləri sayılır. Bəs hansı müəssisələr əmlak vergisini ödəməkdən azaddır və ya onlara güzəşt verilib?
Vergi Məcəlləsinə əsasən:
sənaye yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə sənaye və texnologiyalar parkındakı əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddırlar;
sənaye yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru sənaye yaxud texnologiyalar parklarının ərazisində yerləşən əmlaklarına görə əmlak vergisini ödəməkdən azaddır;
kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 01.01.2014-cü il tarixindən etibarən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar;
müəssisələrin balansında olan sərnişin və yük daşımalarında istifadə edilən su nəqliyyatı vasitələrinə görə ödənilməli olan əmlak vergisinin məbləği 25 % azaldılır;
əlilliyi olan şəxslərin qeyri hökumət təşkilatları əmlak vergisi ödəməkdən azaddır;
investisiya təşviqi sənədini almış hüquqi şəxs həmin sənədi aldığı tarixdən müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş (alınmış, gətirilmiş, istehsal edilmiş, tikilmiş və ya quraşdırılmış) əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddır;
mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla);
KOB klaster şirkətləri KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən KOB klaster fəaliyyətində istifadə olunan əmlaklara görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.