Əmək müqaviləsi gələcəyin təminatıdır

09.12.2022C&S Group 1034

 

Əmək müqaviləsinin olması yüz minlərlə işçinin hüquqlarının təmin olunmasıdır. 2022-ci il 1 noyabr tarixinə aktiv əmək müqavilələrinin sayı 1 ml. 728 mindən çoxdur.

Son illər əmək bazarının leqal fəaliyyətinin təmin edilməsi istiqamətində aparılan islahatlar şəffaflığın təmin edilməsini və qeyri-qanuni məşğulluğun azalmasını sürətləndirib. Əmək münasibətlərinin leqallaşdırılması, işçilərin işə yalnız rəsmi qaydada cəlb edilməsi, o cümlədən, maaşların “ağardılması” iqtisadiyyatın inkişafını təmin etməklə yanaşı, cəmiyyətdə sosial ədalətin bərqərar olmasına da mühüm töhfə verib. Əmək münasibətlərinin şəffaflaşdırılması üçün görülən işlər həm də müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi tədbirləri ilə müşayiət olunub.

Vergi ödəyicisi tərəfindən işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktları aşkara çıxarılarkən işəgötürənlərə müvafiq maliyyə sanksiyaları tətbiq olunur.

Əmək müqaviləsinin olması yüz minlərlə işçinin hüquqlarının təmin olunmasıdır. Həmin şəxslər;

-pensiya ala bilər,

-haqqı ödənilən məzuniyyət əldə edə bilər,

-müxtəlif sosial ödəmələrə hüquqları yaranar,

-işdən səbəbsiz çıxarıla bilməzlər.

Yəni bu müqavilə işçinin işəgötürəndən asılılığını aradan qaldırır. Onlar arasında münasibətlər qanun çərçivəsində qurulur və işçi qarşısında işəgötürənin də hüquqi öhdəlikləri yaranır.

Əmək müqaviləsinin olması gəlirlərin “ağarması” deməkdir. Son illər əmək müqavilələrinin sayında kütləvi artım əsasında bu “ağarma”nın, habelə, əməkhaqqına minimal həddin müəyyən edilməsinin əməkhaqqı fonduna və dövlət büdcəsinə ödəmələrə təsirlərini qiymətləndirmək mümkündür.

Özəl sektoru əmək müqavilələrini və iş yerlərini “ağartmağa” sövq etmək, əmək bazarını “kölgə”dən çıxarmaqla işçiləri gələcək pensiya təminatı ilə əhatə etmək sosial rihafın və vətəndaş məmnuniyyətinin təmin olunmasına mühüm töhfədir.

2022-ci ilin 1 noyabr tarixinə aktiv əmək müqavilələrinin sayı 1 mln. 728 mindən çox olub. İlin əvvəli ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 47 mindən çox artıb. Oktyabr ayı ərzində özəl sektorda 12,5 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb. Cari ildə bu sahədə görülən tədbirlərin nəticəsi olaraq, əmək müqavilələrinin artımı, əsasən, ticarət, xidmət, sənaye sahələrində daha çox müşahidə olunur. Həyata keçirilən tədbirlər arasında vergi orqanları tərəfindən maarifləndirmə və nəzarət tədbirlərinin təkmilləşdirilməsinin mühüm rolu var. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən mütəmadi olaraq əmək müqaviləsinin əhəmiyyəti barədə sosial çarxlar hazırlanır. Bu vasitə ilə vətəndaşlara hüquqları ilə bağlı bilgilər sadə, anlaşıqlı və obrazlı formada çatdırılır. Digər tərəfdən isə əmək bazarında nəzarət tədbirləri davam etdirilir. 2022-ci ilin 10 ayı ərzində vergi orqanları tərəfindən keçirilmiş operativ nəzarət tədbirləri nəticəsində əmək müqaviləsi olmadan işə cəlb edilən 3484 şəxs aşkar olunub. Vergi orqanları tərəfindən aparılan yoxlamalar zamanı vergi ödəyicisi tərəfindən işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktları aşkara çıxarılarkən işəgötürənlərə müvafiq maliyyə sanksiyaları tətbiq olunur. Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Əmək müqavilələrinə və əməkhaqqı fonduna olan tələblər vergi xidmətinin ciddi nəzarətindədir. Vergi orqanları nəzarət funksiyasının yerinə yetirilməsi üçün müasir mexanizmlərdən istifadə edir. Müşahidələr göstərir ki, indi insanların da əmək müqaviləsinin bağlanmasına, əməkhaqqının real göstərilməsi ilə bağlı məsələlərə münasibəti dəyişib. Hamı bunun öz gələcəyi üçün əhəmiyyətini başa düşür.

Deyirlər: “əmək insanı ucaldır”, lakin bu məsəl qanuni münasibətlər üzərində qurulmuş əmək fəaliyyətinə aiddir. Çünki yüksəliş, perspektiv və uğurlu əmək yalnız və yalnız əmək müqaviləsinin bağlandığı şəraitdə mövcud olur.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın