ƏDV-dən azad əməliyyatlar

12.08.2021C&S Group 1500

 

Bəzi sahibkarlıq sahələrinin inkişafı, fəaliyyətlərinin stimullaşdırılması məqsədilə bəzi əməliyyatlar, o cümlədən, malların təqdim edilməsi, xidmətlərin göstərilməsi və malların idxalı ƏDV-dən azad edilmişdir.

Dünya təcrübəsində daimi dəstəklənməyə və stimula ehtiyacı olan fəaliyyət sahələrinin ən qabaqcılı kənd təsərrüfatıdır. Azərbaycanda da kənd təsərrüfatının inkişafına dəstək məqsədilə Vergi Məcəlləsinin 164-cü maddəsinə əsasən aşağıdakı əməliyyatlar ƏDV-dən azad edilmişdir:

-kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı;

-damazlıq heyvanların idxalı və satışı;

-toxum və tinglərin idxalı və satışı;
-quş ətinin satışı;

-mal ətinin satışı;
-mineral gübrələrin, pestisidlərin idxalı və satışı;

-kənd təsərrüfatı heyvanlarının və quşlarının profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı;

-toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqlarının, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı;

-bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların, texnikaların idxalı və satışı;

-lizinq müqaviləsinin obyekti olan kənd təsərrüfatında istifadə olunan əsas vəsaitlərin idxalı.

Əlavə edək ki, 164¬-cü maddəyə əsasən, kənd təsərrüfatı sahəsi ilə yanaşı, bəzi digər əməliyyatlar (müəssisələr) da ƏDV-dən azad edilmişdir:

-təhsil xidmətlərinin göstərilməsi (ümumi təhsil müəssisələri, bağça, orta məktəb, kollec, lisey və Universitertlərin əməliyyatları);

-maliyyə xidmətlərinin göstərilməsi (bank,sığorta və lizinq təşkilatlarının əməliyyatları);

-mətbuat xidmətlərinin göstərilməsi (reklam xidmətləri istisna olmaqla, nəşriyyat, jurnal, radio və televiziya xidmətləri);

-buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı;

-kəpəyin istehsalı və satışı;

-hüquqi şəxslərin iştirak paylarının və ya səhmlərinin təqdim edilməsi əməliyyatları;

-investisiya təşviqi sənədini almış şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı;

-KOB klaster şirkəti tərəfindən istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı;

-metropolitenlə sərnişindaşıma xidmətləri;

-dəfn və qəbiristanlığın mərasim xidmətləri və s.

Vergi Məcəlləsinə əsasən, ƏDV-dən azad olan əməliyyatları aparan müəssisələrin ƏDV-ni əvəzləşdirməsi mexanizmi fərqlidir.

I hal: Yalnız ƏDV-dən azad olan əməliyyatlar aparan müəssisələr ödədikləri ƏDV-ni heç cür əvəzləşdirə bilməzlər. Yəni müəssisənin əməliyyatlarının 100 %-i  ƏDV-dən azaddırsa, onun ƏDV-ni əvəzləşdirmə hüququ yoxdur.

II hal: Həm ƏDV-dən azad əməliyyatlar, həm də ƏDV-yə sıfır dərəcə ilə cəlb olunan əməliyyatlar aparan müəssisələr ƏDV-dən azad olan əməliyyatların dövriyyədəki xüsusi çəkisi qədər əvəzləşdirilən ƏDV-dən azaltmaqla qalan ƏDV-ni əvəzləşdirə bilərlər.

III hal: ƏDV-dən azad olan əməliyyatlar aparan müəssisələr əgər ƏDV-yə cəlb edilən əməliyyatlarla ƏDV-dən azad edilən əməliyyatların uçotunu ayrı-ayrılıqda apararsa, ödədikləri ƏDV-ni tam şəkildə əvəzləşdirə bilərlər. Belə vəziyyət ƏDV-dən azad olunan malların satışı üzrə ayrılıqda sənədləşdirilmiş məlumatların mövcud olduğu halda mümkün ola bilir. Bu halda vergi ödəyicisinin ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara görə ödənilmiş ƏDV-ni tam məbləğdə əvəzləşdirmə hüququ yaranır. Əgər sənədləşdirilmiş məlumatlar üzrə uçot ayrı-ayrılıqda aparılmazsa, ƏDV-dən azad olan əməliyyatların ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq aparılmalıdır.

 

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın