Vergi ödəyicisi olan fiziki və hüquqi şəxslərin təqdim etdikləri mal və xidmətlərə görə əlavə dəyər vergisi kassa metoduna uyğun olaraq hesablanıb ödənilir. Ödənişlər bəzən tam qəbul edilmədikdə vergi ödəyicilərində suallar yaranır.
Müəssisə may ayında 100.000 azn məbləğində mal satıb. Məbləğin 70.000 manatı hesaba daxil olub və 30.000 manat debitor borc yaranıb. Bu zaman əlavə dəyər vergisi öhdəliyi 70.000 manata görə yaranacaq. Bəs 30.000 manat nə zamana qədər debitor borc kimi saxlanıla bilər?
Vergi Məcəlləsinin 166.1.3-cü maddəsinə, əsasən, təqdim edilmiş mallar (iş və ya xidmətlər) üzrə yaranan debitor borclar üzrə iddia müddətinin bitdiyi vaxt ƏDV tutulan əməliyyatın vaxtı müəyyən edilir. İddia müddətinin başlanması, dayandırılması və iddia müddətinin bitməsi Mülki Məcəllə ilə tənzimlənir.
Qeyd edək ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müəyyən müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün nəzərdə tutulmuş müddət iddia müddəti sayılır.
Mülki Məcəllənin 373-cü maddəsinə görə ümumi iddia müddəti 10 ildir.
Bundan əlavə:
- müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir;
- vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir;
- tələblərin ayrı-ayrı növləri üçün Mülki Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər;
- natura şəklində aparıldıqda, habelə, barter edildikdə – aktivlərin əldə edildiyi vaxtdır;
- təqdim edilmiş malların (iş və ya xidmətlərin) dəyəri natura formasında ödənildiyi halda malı təqdim edən şəxs üçün ƏDV tutulan əməliyyatın vaxtı təqdim edilmiş malın dəyərinin naturada əldə edildiyi vaxtdır.
Qanunvericilikdən aydın olur ki, həmin 30.000 manatlıq debitor borc 3 il ərzində qaytarılmazsa, məbləğ ƏDV-yə cəlb olunur və müəssisənin gəliri kimi tanınır. Bu zaman həmin məbləğ xərclər çıxıldıqdan sonra gəlir vergisinə cəlb olunur.
Sahibkarlar nəzərə almalıdırlar ki, debitor borcu uzun müddət saxlamaq onlara heç nə qazandırmır. Əksinə, belə əməliyyatlara görə həmin müəssisələrin riskli vergi ödəyicilərinin siyahısına salınma təhkükəsi yaranır ki, bu halın isə dövriyyənin gizlədilməsi kimi qiymətləndirilməsi ehtimalı böyükdür.