Dayanıqlı iqtisadiyyat üçün stimullaşdırıcı vergi siyasəti

13.07.2022C&S Group 831

 

İqtisadiyyatın şaxələndirilməsi onun dayanıqlığını şərtləndirən vacib amildir. İqtisadi artımın mənbəyini müxtəlif sahələr təşkil etdiyi halda rəqabət artır, risklər bölüşdürülür və inkişafın çoxşaxəliliyi təmin edilir. Bu da öz növbəsində gəlir mənbələrinin çeşidlənməsinə və artımına səbəb olur. İqtisadiyyatın inkişafına nail olmaq bu sahənin mütəmadi təşviqi mühüm əhəmiyyət kəsb edir. Əsas təşviq vasitələrindən biri və ən önəmlisi isə vergi islahatlarıdır. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə, xüsusilə qeyri-neft sektoruna tətbiq edilən güzəştlər müsbət tendensiyanın yaranmasına səbəb olub.

Sənayenin təşviqinə yönəlmiş vergi güzəştləri...

Azərbaycanda sənayeləşmə, o cümlədən qeyri-neft sənayesinin inkişafı iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindən biridir. Sənaye digər sahələrlə müqayisədə daha böyük əlavə dəyər yaratmaqla bərabər, məşğulluğun təmin edilməsinə də öz töhfəsini verir, qeyri-neft sektorunun, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafında, yerli istehsalın artımında mühüm rol oynayır. Sənaye zonalarında istehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, dünyanın 40-dan çox ölkəsinə ixrac edilir.

Bütün bu iqtisadi perspektivlər nəzərə alınaraq sənaye zonalarında sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılıb. Ölkəmizdə sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunublar. Qeyd edək ki, dövlət başçısının 10 dekabr 2021-ci ildə imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər” haqqında sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi və s. kimi əlavə güzəştlərin də verilməsi nəzərdə tutulur.

Bu sahəyə vergi güzəştləri sahibkarların sənaye zonalarına marağını artırıb və əldə olunmuş nəticələr yüksək dinamikanı əks etdirir. Belə ki, indiyədək sənaye zonalarında 104 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və artıq onlardan 58-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10 mindən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 milyon manatadək investisiyanın yatırılması və 2600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye zonaları üzrə, 2022-ci ilin I rübü də daxil olmaqla, ümumilikdə 6,5 milyard manatdan çox məhsul istehsal edilib, bunun 2,1 milyard manatı (təqribən 32 faizi) ixrac olunub.

Startaplara vergi güzəştləri

Kiçik sahibkarlığa dövlət köməyi ölkə iqtisadiyyatının mühüm istiqamətlərindən biridir. Mikro, kiçik və orta biznesin inkişafına dəstək, KOB-ların iqtisadiyyatda rolunu artırmaq və onların ixrac imkanlarının genişləndirilməsi üçün hədəflər müəyyən edilib. Bu hədəflərə çatmaq üçün onlara əlverişli biznes mühiti yaratmaq, biznes üçün dövlət xidmətlərinin əlçatanlığının təmin edilməsi, KOB-ların maraqlarının müdafiəsi, bilik və innovasiyalara inteqrasiyası, bazarlara və maliyyəyə çıxışın yaxşılaşdırılması kimi 5 əsas istiqamət müəyyənləşib. Biznesə dəstək və onun təşviqi alətləri arasında “Startap” şəhadətnaməsini almış mikro və ya kiçik sahibkarlıq subyektləri üçün Vergi Məcəlləsində nəzərdə tutulan güzəştlər mühüm yer tutur. Bu güzəştlərdən yararlanmaq imkanı əldə etmiş sahibkarlar "Startap” şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri mənfəət üzrə 3 il müddətinə vergidən azad olunublar.

https://www.youtube.com/watch?v=JRrLRTkfMs0

İqtisadiyyatın dayanıqlı inkişafında innovativ ekosistemlərin mühüm rolu var. İnnovasiya biznesdə yenilik - müasir alətlərin tətbiqi və mürəkkəb proseslərin asan həlləri deməkdir. Yeni texnologiyaların Azərbaycanda tətbiqi prioritet məsələlərdəndir. Bu baxımdan, həmin sahəyə dəstək, startap ekosistem qurucularının fəaliyyətinin genişləndirilməsi perspektiv uğurlar üçün əlavə imkanlar açır və yenilikçi təşəbbüslərin ölkə iqtisadiyyatına daha çox töhfə verməsinə imkan yaradır.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “startaplarla bağlı bizim siyasətimiz, əlbəttə ki, müsbətdir. Ancaq bu istedadlı gənclərlə görüşlər əsnasında aydın oldu ki, onların bir çoxları xaricdə fəaliyyət göstərirlər və Azərbaycana gəlirlər, gedirlər. Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər, öz biliklərini burada tam realizə edə bilsinlər və ölkə iqtisadiyyatına, dövlətimizin güclənməsinə xidmət etsinlər”.

Kənd təsərrüfatına güzəştlər

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azaddır. 2001-ci ildən etibarən 5 il müddətinə tətbiq edilən bu güzəştlər 2024-cü ilədək qüvvədə olacaq. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin də bu fəaliyyətdən əldə etdiyi gəlirləri mənfəət vergisindən azaddır. ƏDV ödəyicisi olan kənd təsərrüfatı məhsulları istehsalçılarının (o cümlədən sənaye üsulu ilə) özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cü ilin yanvarından 10 il müddətinə bu növ vergidən azaddır. Kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər əmlak vergisini ödəməkdən azad edilib. Vergi Məcəlləsinin 199.9-cu maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar. Həmin şəxslər vergi güzəşti hüququndan istifadə etmək üçün kənd təsərrüfatı məhsullarının istehsalı prosesində istifadə olunan əmlaklarla bağlı sənədləri aidiyyəti üzrə təqdim etməlidir. Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi də 2014-cü il yanvarın 1-dən 10 il müddətinə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir. Həmçinin, bu ildən kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı 2 il müddətində ƏDV ticarət əlavəsindən hesablanır. Aqrar texnikanın operativ lizinqə verilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı aqrotexniki xidmətlər də ƏDV-dən azad edilib. Kənd təsərrüfatına güzəştlər həm iqtisadi, həm də sosial xarakter daşıyır. Çünki bu məhsullar əhali üçün vacib istehlak mallarıdır. Sahəyə verilmiş güzəştlər kənd təsərrüfatı məhsullarının qiymətinin ucuzlaşması və bu sahədə istehsalı genişləndirmək üçün də əlavə imkanlar yaradır.

Deyirlər, iqtisadiyyat məhdud resurslarla qeyri-məhdud ehtiyacları ödəmək sənətidir. Buna görə də iqtisadiyyatın dayanıqlı olması və güclənməsi vacib şərtdir. İqtisadiyyatın formalaşmasında isə vergi orqanlarının fəaliyyəti mühüm əhəmiyyət kəsb edir və əldə olunan yüksək nəticələr iqtisadi tərəqqiyə xidmət edir...

Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın
Bizimlə Əlaqə
Sosial şəbəkə linklərimiz
Keçid edərək abunə olmağı unutmayın