Pandemiyanın dünyanın bütün böyük ölkələrinin iqtisadiyyatlarını eyni anda vurması qeyri - adi haldır. Planetin istehsalının və gəlirinin üçdə ikisini təşkil edən ölkələr normal vaxtlarda həddindən artıq sərt görünən məhdudlaşdırma siyasətini tətbiq edirlər.
Məlumdur ki, pandemiyaya nəzarət etmək "epidemioloji əyrini düzləşdirmək" deməkdir. İnfeksiyanın yayılma sürətini yavaşlatmaq üçün iş yerlərinin və məktəblərin bağlanması, səyahət qadağaları, özünütəcrid tələbləri ilə ümumilikdə insanların sosial məsafə səviyyəsini qorumaq qaydalarına riayət edilməsi istiqamətində tədbirlər görülür. Digər bir təşəbbüs, yoluxmuş insanların cəmiyyətdən uzaqlaşdırılması və karantin rejimində saxlanılmasıdır. COVID-19, bir çox səbəblərə görə iqtisadi nəticələrə kəskin təsir göstərir, iqtisadi yavaşlamaya səbəb olur. Pandemiyanın sürətlənmə mərhələsində xəstəxanaya ehtiyacı olanların sayı, ölkənin səhiyyə sistemini alt-üst edə biləcək qədər artır.
Beynəlxalq Maliyyə Korporasiyasının (İMF) 2020 hesabatında böhran avtobusa bənzədilir, yəni hər zaman növbəti biri gəlir. İndiki hal digər iqtisadi böhranlardan iki istiqamətdə fərqlənir: COVİD-19 iqtisadi böhranı digər krizislərlə müqayisədə, olduqca qısa müddətdə sadəcə bir neçə gündə Çinin Vuhan kəndindən bütün G7 ölkələrinə yayıldı. Digər bir istiqamət isə, epidemiyanın səbəb olduğu tibbi şokun yalnız maliyyə sektoruna deyil, iqtisadiyyatın bir neçə sahəsinə təsir etməsidir.
Qanuna görə iqtisadiyyat yalnız pul dövriyyə etdikdə mexanizm fəaliyyət göstərməyə davam edir. Tək bir yerdə axınının kəsilməsi artıq bütün iqtisadi mexanizmdə yavaşlamaya səbəb olur. Bu axının pozulmasına isə bir neçə tip iqtisadi şok yarada bilər. Pandemiya da artıq bir neçə istiqamətdə bu kimi şoklarla təsir etməyə başlayıb. Belə ki, insanların əməkhaqqları ödənilmədiyi, gəlir məbələri olmadığı halda maliyyə çətinlikləri, hətta iflasla üzləşmələri baş verir. Bu vəziyyət xüsusilə ABŞ-a, tibbi borcların iflasın əsas mənbəyi olduğu bir ölkəyə aid edilir (Debt. Org 2020). İşçilər iş yerlərini itirdikdə işsizlik sığortası və ya digər gəlir dəstəyi alsalar da təxirə salınabilən xərclərini azaldırlar. Nəticədə, xərclərin səviyyəsinin azalması ev təsərrüfatlarından dövlətə və özəl sektora pul axınına mane olur. Bundan başqa, daxili tələbə birbaşa təsir etməsə də, ölkəninxarici gəlirləri və nəticədə ixrac xərcləri zəifləyir. Həmçinin tələbin azalması və ya birbaşa tədarük şokları (azalma) beynəlxalq və daxili tədarük zəncirinin qırılmasına səbəb ola bilər. Hər ikisi istehsalın azalması ilə nəticələnir.
Pandemiyanın təsirindən bir çox biznes müəssisələrinin iflasa uğraması halları başlayıb və proses hələ bir müddət davam edəcək. Belə ki, 2008-ci il böhranından sonra Mərkəzi Banklar iqtisadiyyatı stimullaşdırmaq üçün faiz dərəcələrini aşağı tutaraq böyük miqdarda likvidliyi təmin etməyə davam etdilər. Bu siyasətin mənfi təsiri yüksək borclanma səviyyəsinin müşahidə edilməsi oldu. Bu da özəl sektorun korona pandemiyası kimi bir tələb zərbəsinə qarşı həssaslığını artırıb. Məsələn, İngiltərə hava yolları Flybe-nin iflas etməsi klassik bir nümunədir.
Firmaların bağlanması pul axınına daha çox maneələr yaradır. Kreditorların ödənişləri edilmir, ümumiyyətlə işçilərə tam maaş verilmir və bəzi hallarda da onlar işsiz qalırlar. Məsələn İspaniyada 898,822 insanın işini itirməsi, 2017-ci ilin aprelindən bəri ümumi işsizlik göstəricisinin 3,5 milyona qədər - ən pik həddə artmasına səbəb olub. Bundan başqa, Amerikada 28 mart tarixinə olan statistikaya əsasən işsiz əhalinin sayı əvvəlki həftə ilə müqayisədə iki dəfə artaraq 6,65 milyona çatıb. Əlavə olaraq, BMT-nin Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO), çinli turistlərin azalması səbəbi ilə Yaponiyanın birinci rübdə 1.29 milyard dollarlıq, Taylandın isə 1.15 milyard dollar turizm gəlirini itirə biləcəyini proqnoz etmişdi. Həmçinin, hələ mart ayının 5-də ABŞ-a səyahət qadağası elan edilməmişdən əvvəl Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA), COVID-19 şokunun uçuşların azalması ilə aviaşirkətlər üçün 113 milyard dollar itkiyə səbəb ola biləcəyini proqnozlaşdırdı.
Mexanizmə təsir edən digər mühüm bir istiqamət işdən çıxarılan, xəstə məzuniyyəti götürmüş, karantində olma, uşaqlara və ya xəstə qohumlarına qulluq etmək üçün məzuniyyət hallarının yaratdığı nəticələr ilə bağlıdır. Qeyd olunduğu səbəblərdən müvəqqəti işləməyən insanlar üçün, xüsusilə, G7 ölkələrinin hamısında bu kimi hallar kompensasiya edilmir.
Hesab olunur ki, pandemiya 2020-ci ilin yayın sonuna qədər davam etsə, onda böhran vəziyyəti əsasən 4 mərhələdə olacaq:
-Çin şoku (yanvar-mart)
-Sektoral maneələr (fevral ayından başlayaraq)
-Kəskin ümumi maneələr (martın əvvəlində İtaliyada, digər Avropa ölkələrində 1-3 həftədən sonra)
-İqtisadiyyatın bərpası (may və ya iyun aylarında başlayacaq) : kəskin geridönüş ehtimalı var. Ancaq xidmət sektorundakı itirilmiş korporativ gəlir, KOS-ların iflası və banklarda işləməyən kreditlərin yığılmasının səbəb olduğu kredit məhdudiyyətləri, ev təsərrüfatlarının əmanətlərinin yenidən bərpası kimi amillər tibbi şokun törətdiyi böhranlı vəziyyətdən sonra əvvəlki hala qayıtmağı çətinləşdirir.
Ümumilikdə, maliyyə sisteminin ən həssas hissəsi olan banklar 2008-ci ildəkindən daha yaxşı vəziyyətdə olsalar da maliyyə sisteminə fokuslanan istənilən siyasi addım tənəzzülə uğraya bilər. Çünki hazırki vəziyyət yalnız maliyyə sektoru ilə bağlı deyil. 2020-ci ildə dünya iqtisadiyyatında müşahidə edilən şok tamamilə fərqlidir, məhdudlaşdırma siyasəti istehsaldan tutmuş xidmətə qədər bir çox sahəni əhatə edərək ciddi şəkildə maneə törədir. Bu səbəbdən, COVID-19-un iqtisadi nəticəsi, 2007-2009-cu illərdən daha pis görünür, çünki bu qədər qısa müddətdə iqtisadiyyatın belə sürətli çökməsi baş verir. Hətta altı ay ərzində müəyyən məqbul səviyyədə gəlir əldə olunsa belə, bəzi firmaların iflasının işsizlikdən tutmuş bank balansındakı mənfi borclara qədər bir çox problemlərə yol açacağı ehtimal olunur.