Audit planlaşdırılması niyə önəmlidir?
Audit planlaşdırılması təftiş prosesinin vacib hissəsidir, çünki audit, yoxlamanın əsas istiqamətini müəyyən edir və müəssisədə risklərin qiymətləndirilməsinə əsaslanır.
Audit planlaşdırılmasının önəmi;
-audit prosesin mühüm tərəflərinə diqqətin yönəlməsinə kömək edir;
-potensial problemlərin müəyyən olunması və qarşısının alınmasına şərait yaradır;
-auditora təftiş prosesini lazımı qaydada təşkil etməyə və idarə etməyə kömək edir;
-audit yoxlaması üçün uyğun qrup üzvlərinin seçilməsi və onlar arasında tapşırıqların bölüşdürülməsi prosesinə yardım edir;
-nəzarət prosesini asanlaşdırır.
Audit planlaşdırılması, həmçinin, müəssisənin audit strategiyasına çevrilir ki, bu da mümkün risklərin azalmasına getirib çıxarır. Audit planlaşdırılmasına daxildir:
risklərin qiymətləndirilməsi prosesinin planlaşdırılma dərəcəsi, müddəti və xarakteristikası baxımından təsviri;
təqdim olunmuş audit yoxlaması planlaşdırılmasının dərəcəsi, müddəti və xarakteristikasının təsviri;
digər audit yoxlaması proseslərinin planlaşdırılması yollarının təsviri.
Audit planlaşdırılması müəssisə daxilində audit yoxlamasını sürətləndirir və əsas məqsədləri ön plana çəkir.
Daxili audit işinin məqsəd və vəzifələri nələrdir?
Daxili audit xidməti, risklərin idarə edilməsi, nəzarət və idarəçilik proseslərinin səmərəliliyinin qiymətləndirilməsi, habelə, artırılması istiqamətində bankın öz məqsədlərinə çatmasında köməklik göstərir.
Daxili audit prinsipləri aşağıdakıları əhatə edir:
-davamlılıq: daxili audit fəaliyyəti daimi olaraq həyata keçirilir;
-müstəqillik: daxili audit, gündəlik nəzarət prosesindən daxil edilməyən bir fəaliyyət növü olmalıdır. Müstəqillik daxili auditin obyektivlik və tərəfsizlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir;
-tərəfsizlik: daxili audit qərəzsiz olmalı və müdaxilədən kənar şəkildə həyata keçirilməlidir;
-peşəkar səriştə: daxili auditor öz vəzifələrini həyata keçirmək üçün lazım olan bilik və təcrübəyə malik olmalıdır;
-işin miqyası: daxili audit işinin miqyası müəssisənin bütün fəaliyyətini və strukturunu əhatə etməlidir.
-məxfilik: daxili auditor öz vəzifələrini həyata keçirərkən əldə etdiyi məlumatların qorunmasında və istifadəsində sayıq olmalı və bu məlumatları şəxsi maraqlar üçün və ya müəssisə məqsədlərinə zərər verəcək şəkildə istifadə etməməlidir.
Daxili auditin müxtəlif növləri vardır:
-maliyyə auditi: məqsədi uçot sisteminin və məlumatlarının, eləcə də, maliyyə hesabatlarının etibarlılığını qiymətləndirməkdir;
-normativ qaydalara riayət olunmasının auditi: məqsədi qanunlara, təlimatlara, qayda və prosedurlara riayət olunmasını təmin etmək üçün yaradılmış sistem və prosedurların keyfiyyətini və uyğunluğunu qiymətləndirməkdir;
-əməliyyat auditi: məqsədi sistem və prosedurların keyfiyyətini və uyğunluğunu qiymətləndirmək, təşkilati strukturu diqqətlə təhlil etmək və audit işi ilə bağlı metodların və resursların adekvatlığını qiymətləndirməkdir;
-idarəetmə auditi: məqsədi rəhbərliyin risklərə və nəzarətə münasibətinin keyfiyyətini qiymətləndirməkdir.